Halal tətillər: “’Uşaqların öz dinimizə etiqad edən insanların yanında olmasını istəyirik”

“Mən günəşin altında qaralmağı çox xoşlayıram. D vitamini qəbul etməyi və bütün il günəş vannalarını almağı çox sevirəm. Odur ki, tətillərimi xəlvət bir yerdə keçirə biləcəyim hər hansı yerə getməkdən zövq alıram”.

Globalinfo.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri Britaniyada yaşayan sosial media fenomeni Zahra Rose deyir.

Rose günün altında qaralmaq, amma eyni zamanda müsəlman dəyərlərinə sadiq qalmaq istəyir.

Bu səbəbdən 30-dan çox ölkədə “halal tətillər” keçirib.

Məxfilik

İslam dünya miqyasında xristianlıqdan sonra ən böyük dindir. Əksər müsəlman ölkələrində orta təbəqə artır.

Qərbi Avropa və Şimali Amerikada ikinci və üçüncü nəsil müsəlmanlar valideynləri ilə müqayisədə daha çox pul xərcləməyə imkan verən gəlirə malikdirlər.

“Mənim üçün adi tətillə halal tətil arasındakı əsas fərq məxfilikdir”, – BBC Dünya Xidmətinin “Business Daily” proqramına danışan Zahra Rose deyir.

Rose, həmçinin halal qidaya asan çıxış yolu axtardığını bildirir.

Qurana əsasən, donuz əti və spirtli içkilər haramdır.

HACER SUCUOGLU ADIGUZEL

Sucuoğlu Adıgüzel Türkiyədə halal tətil imkanları olsa da, xaricə getməyi də çox sevdiyini deyir.

36 yaşlı Hacer Sucuoğlu Adıgüzel İstanbulda yaşayır.

Üç uşaq anası Sucuoğlu Adıgüzel Türkiyədə halal tətil tapmaqda çətinlik çəkmir. Ancaq Adıgüzel ailəsi qeyri-müsəlman ölkələrə səyahət edərkən çoxlu araşdırmalar etməli, planlar qurmalı olur.

“Biz bu yaxınlarda Makedoniyaya və Mərakeşə getmişdik. Səhər yeməyimizi otelimizdə, nahar yeməyini isə spirtli içkiləri verilməyən ənənəvi yerlərdə yeyirdik”.

Gündə beş dəfə namaz qılan Sucuoğlu Adıgüzel İslam dəyərlərinə əməl edir.

“İslami otellərdə namaz xalçaları var, olmayan mehmanxanalar üçün isə səccadəmi özümlə aparıram”, – deyir.

“Qaldığım otellərdə yarıçılpaq adam görmək istəmirəm. İstəyirik ki, uşaqlarımız bizim inancımıza və mədəniyyətimizə əməl edən insanların yanında olsunlar. Biz onları insanların çılpaq günəş vannası qəbul etdiyi çimərliklərə aparmaq istəmirik”.

Sucoğlu Adıgüzel qadınlara elektron sahibkarlıq və media mövzusunda təlimlər keçir. O, sosial şəbəkələrdə və şəxsi bloqunda halal turizmlə bağlı məzmun yaradır.

Sucoğlu Adıgüzel hesab edir ki, turizm sənayesi halal istirahət potensialından tam istifadə etmir.

Böyük bazar

Qlobal Müsəlman Səyahət İndeksinə görə, 2022-ci ildə halal səyahət bazarının həcmi 220 milyard dollar təşkil edib.

HACER SUCUOGLU ADIGUZEL

Sucuoğlu Adıgüzel istəyir ki, övladları tətildə ikən dini dəyərlərə sahib insanlarla təmasda olsun

Xüsusilə Qərb müştəriləri üçün xüsusi otelləri ilə tanınan tropik ada ölkəsi Maldivdə dünyanın hər yerindən halal turizmə üstünlük verən turistlərin sayında da artım müşahidə olunur.

Turizm naziri Dr. Abdulla Mausoom Maldivin müsəlman ölkəsi, müsəlmanlara uyğun turizmə malik olduğunu və bu sektorun sürətlə inkişaf etdiyini bildirir.

Maldiv adaları daha çox müsəlman turistləri cəlb etməyə çalışır

“Qanuna görə, bütün otel işçilərinin namaz qılmaq üçün məscidi olmalıdır” deyən Dr. Mausoom-un sözlərinə görə, indi turistlər bundan daha çox istifadə edirlər.

“Otellərin çoxu otaqların dizaynı və mətbəxin müxtəlifliyi baxımından müsəlmanlara uyğun mühit təklif edir”, – o əlavə edir.

Turizm ölkənin iqtisadi istehsalının dörddə birini təşkil edir.

Dəyişikliklər

Londondakı bəzi oxşar otellər müsəlman turistləri qəbul etmək üçün dəyişikliklər edib

2023-ci il Qlobal Müsəlman Səyahət İndeksinə əksəriyyəti müsəlman olan ölkələr başçılıq edir. Birinci yerdə İndoneziya və Malayziyadır.

İlk 20-likdə iki qeyri-müsəlman ölkə təmsil olunur. Biri – 11-ci yerdə olan Sinqapur, digəri isə 20-ci yerdə olan Britaniyadır.

1899-cu ildə Londonda açılan beşulduzlu Landmark Hoteldə halal ət təklif olunur. Otel işçilərinə də Orta Şərqin dini və mədəni anlayışı mövzusunda təlimlər keçirilib.

“Həm alkoqollu, həm də alkoqolsuz içkilər var. Barda çox məşhur alkoqolsuz kokteyllər içə bilərsiniz”, – otelin Yaxın Şərq üzrə satış direktoru Magdy Rustum deyir.

“Bizim iki girişimiz var. Otelin şimal girişi ayrıdır. Yaxın Şərqdən olan ailələrimizin çoxu, xüsusən də qadınlar görünmək istəmirlər. Ona görə də otelə şimal girişindən daxil olurlar”.

“Qonaqları şəxsi giriş vasitəsilə birbaşa otaqlarına aparan özəl lift də var. Ona görə də heç kim onları görə bilməz”.

ZAHRA ROSE

Otelin rəqs zalı toy mərasimləri üçün istifadə olunur.

Lakin bütün bu dəyişikliklər olduqca baha başa gəlir. Zahra Rose da bunu etiraf edir.

“Fakt odur ki, məxfilik adi tətillərdən daha baha başa gəlir”, – deyə Rose əlavə edir: “Qarışıq hovuzları olan və ya hovuzu olmayan otellərdə özünüzə bron etmək çox asandır.

Odur ki, bəli, qətiliklə qiymət fərqi olduğunu deyə bilərəm”.