Hakimiyyətə inqilabla gələnlərin seçki həmləsi – “Tragikomik metoddur”

Növbədənkənar prezident seçkiləri elan edildikdən sonra qərara ən çox özünü “radikal müxalifət” adlandıran kəsim etiraz edir. Hətta boykot məqsədilə seçkiyə qatılmayacaqlarını bildirirlər. Diqqətçəkən məqam isə onların “seçki yolu ilə hakimiyyəti dəyişmək mümkün deyil” tezisini irəli sürməsidir. Radikal müxalifət hər seçkidən əvvəl bu tezisi dövriyyəyə buraxır. Bununla həm öz gücsüzlüyünü ört-basdır etməyə çalışır, həm də  inqilaba, qeyri-sivil yollara çağırış edir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseyinli deyib ki, keçirilən sorğular reallığı əks etdirir:

“Cəmiyyətdə İlham Əliyevin hakimiyyətdə qalması vahid fikirdir. Əlbəttə ki, hər zaman etiraz edən, nədənsə narazı qalan insanlar var və bu da təbiidir. Amma ümumilikdə İlham Əliyevin yenidən prezident seçiləcəyi reallıqdır.

Qabil Hüseynli

Hakimiyyətdən, siyasi sistemdən narazı olan, ya da daha yaxşısını edə biləcəyini düşünən gücünü seçkidə sınamalıdır. Seçkiyə qatılmağa cəsarət etməyən birinin tənqid səsləndirməsi doğru deyil. Mən seçkilərin şəffaflığına şübhə duymuram. Ölkə vətəndaşları da öz səsvermə hüququndan istifadə edəcəklər.

Gücünə, özünə güvənən seçkilərə qatılmalı, namizədliyini verməlidir. Bunu etməyib əlavə nəsə demək, sadəcə, suyu bulandırmaqdır. O ki qaldı “seçki yolu ilə hakimiyyəti dəyişmək mümkün deyil” tezisini irəli sürənlərə, əslində bu, tragikomik fikirdir. Məsələ ondadır ki, həmin fikri irəli sürənlər özləri inqilabla hakimiyyətə gəlib, seçki ilə hakimiyyətdən gediblər”.

Turan Rzayev
Globalinfo.az