Hakimiyyət planlaşdırılan təhlükələrə qarşı hərəkətə keçib – Deputat önəmli detalları açdı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədru, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az-a müsahibə verib. 

Globalinfo.az  müsahibənin önəmli yerlərini təqdim edir.

Deputat deyib ki, Moskvada MDB ölkələri parlamentləri arasında əməkdaşlıqda siyasi partiyaların rolu mövzusunda 4- cü konfransda iştirak edib. Konfransda YAP və BAXCP Azərbaycan parlamentini təmsil edib. Deputat təklif edib ki, MDB ölkələri, Türkiyə və İranla təhlükəsizliyimizi təmin edəcək və inkişafımıza yol açacaq daha sıx əməkdaşlığa can atmalı, sərhədləri açmalı, rəqabətdən çəkinməməli, özümüzə güvənməliyik.  Onun sözlərinə görə, müstəqilliyimizə ən böyük təhlükə özünütəcriddir.

Qüdrət Həsənquliyev

Q.Həsənquliyev 7 fevral seçkiləri haqda da danışıb. Deyib ki, hakimiyyət fərqindədir ki, ölkədə ciddi islahatlara ehtiyac var:

“Heç bir iqtidar seçkiyə 1 il qalmış ciddi islahatlara getmir. Növbədənkənar seçki elan etməklə rəqibləri hazırlıqsız yaxalamaq tezisi siyasi partiyalar üçün yox, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilməyən xarici güclər üçün keçərlidir. İqtidarın borcudur ki, ölkədə sabitliyi və təhlükəsizliyi qorusun. Son qərarlar daha çox kənardan planlaşdırılan təhlükələri önləmək üçündür. Müxalifət partiyaları seçkilərə həmişə hazır olmalıdır. Seçkini boykot edənlər geosiyasətdən başa çıxarmayan, rəqibi və xalqımızın imkanlarını düzgün qiymətləndirə bilməyən, rəqibi təhqir edib aşağılamaqla ona qalib gəlmək istəyən Qərbin “pet”ləridir”.

Deputatın sözlərinə görə, İlham Əliyevin liderliyi ilə Azərbaycan müstəqillik illərinin ən şanlı səhifəsini yazıb. Buna görə kimin nə deməsindən asılı olmayaraq, onun adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq.

Qüdrət Həsənquliyev Azərbaycanın üzləşdiyi çox böyük problemlər barədə də danışıb. Deyib ki, uğurlarla yanaşı, hökumətin nəzarət etmədiyi azad bazar iqtisadiyyatı, demokratik, qanunların aliliyinə əsaslanan dövlət idarəetməsi qurulmasına nail olunmayıb:

“İllər keçsə də bu problemlərin çoxu ona görə həllinin tapmır ki, ölkədə hökumətin fəaliyyətinə nəzarət edə biləcək güclü müxalifət yoxdur. Biz Avropa və MDB məkanında tək ölkəyik ki, parlamentdə müxalifət fraksiyası, büdcəyə nəzarət komitəsi yoxdur. Müxalifət seçkiyə qatılmaqla qələbə uğrunda mübarizə aparmalı, səfərbər olunmalı, seçki kampaniyasının imkanlarından yararlanıb öz ideyalarını yaymalı, problemləri göstərib, onun həllinə dair öz təkliflərini təqdim etməli, ən azı növbəti parlament seçkilərinə hazırlaşmalıdır. Siyasi partiya, şəraiti özü üçün nə qədər əlverişsiz saysa da seçkiyə qatılmalıdır. Siyasət, mənim anlamımda mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir. Digər tərəfdən, seçkidə iştirak o demək deyil ki, sən seçkiyə hökmən öz namizədinlə qatılmalısan”.

Globalinfo.az