Hakan Fidan Mirzoyanla bu haqda danışdı: Bakı-Ankara strateji planı…

Türkiyə xarici işlər naziri Hakan Fidan və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalyada diplomatik forum çərçivəsində görüş keçiriblər.

Görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. Tərəflər münasibətlərin tam nizamlanmasına hazır olduqlarını təsdiqləyiblər.

Bu istiqamətdə konkret addımlar barədə də fikir mübadiləsi aparılıb. Nazirlər həmçinin beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Görüşdə iki ölkənin münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri də iştirak ediblər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Ermənistanın Qərbə tək çıxış yolu Türkiyədir və buna görə münasibətlərin normallaşmasına ehtiyac var:

“Hətta bu gün İrəvanın Rusiyaya qarşı demarşının arxasındakı güvəncə qarant məhz Türkiyədir.

Türkiyə bu gün region ölkəsi kimi çıxış etmir. Ankara artıq geopolitik bir güc kimi həmlələr edir. Ankara ilə Vaşinqton arasında bir çox saziş, əməkdaşlığa dair razılaşmalar var. Hər şeydən öncə isə Türkiyə NATO ölkəsidir və Qərb ailəsinin bir parçasıdır.

Hesab edirəm, Türkiyə xarici işlər naziri Hakan Fidan və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dünənki görüşü təsadüfi deyil. Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında müsbət siqnal verir.

Təbii ki, burada Azərbaycan faktoru da var. Rəsmi Bakı əvvəllər də qeyd edib ki, Ankara-İrəvan yaxınlaşması onu narahat etmir. Türkiyədə təbii olaq bu məsələdə bizim həssaslığımızı nəzərə alır.

Hesab edirəm, regional əməkdaşlıqda yeni bir mərhələyə qədəm qoyuruq. Müharibə artıq bitib və regionda əməkdaşlıq üçün geniş imkanlar var. Bakı-Ankara birliyi bu məsələdə maraqlıdır”.

Turan Rzayev
Globalinfo.az