Hafiz Hacıyev qanunsuz tikiliyə icazə verən məmurları “ağ yudu, qara sərdi”

“Fəvvarələr meydanı Səbail Rayon İcra Hakimiyyətinin ərazisidir. Guya orada restoranın tikilməsindən onların xəbəri olmayıb?! “

Bu sözləri Globalinfo.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, deyilənlərin hər biri sadəcə, cəfəngiyatdır:

“Hər kəs yaxşı bilir ki, icra hakimiyyətinin icazəsi olmadan bir adam da daşı daş üstünə qoya bilməz. Özləri icazə veriblər, görüblər ki, insanlar narazılıq edir, dərhal sökməyə məcbur qalıblar. Amma istənilən halda cəzalarını alacaqlar. Hazırda belə məsələlərə çox ciddi yanaşılır. Ona görə də, bu iş mütləq araşdırılmalıdır. Kim özbaşına gedib şəhərin mərkəzində obyekt tikə bilər axı?! İnandırıcı da deyil.

H.Hacıyev deyib ki, bu cür insanlar dövlət başçısının işlərinə kölgə salmış olurlar:

“Hər halda, bəzi məmurların getmək vaxtı çatıb. Amma onlar bilməlidirlər ki, nə etsələr də, vəzifədən azad olunduqdan sonra mənimsədikləri pulları qəpiyinə kimi dövlətə qaytaracaqlar. Bir daha deyirəm, mümkün deyil ki, icra başçısının icazəsi olmadan, hansısa adam Fəvvarələr meydanı kimi bir yerdə obyekt tikə bilsin. Camaat evində pəncərəsinin şüşəsini dəyişəndə gəlib araşdırırlar, bəzən icazə vermirlər. Onda qalmışdı ki, kimsə restoran tikə”.

Qeyd edək ki, paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) qeyri-qanuni inşa olunan restoran şikayətlərdən sonra sökülüb. Aidiyyəti qurumlar həmin tikintiyə icazə verilməsi ilə bağlı sualımızı cavablandırmayıblar.

Zaira Akifqızı
Globalinfo.az