Hacı Şahinin yerinə gələn imam danışdı: “Onu əvəzləmək…”

Məşədi Dadaş məscidinə imam təyinatı ciddi müzakirələrə səbəb oldu. Bəzi rəylərdə bu addım tənqid olunsa da, xeyli adam təyinatı dəstəklədi. Xüsusilə İranla bağlı məlum olaylardan sonra cəmiyyət din mövzusuna xeyli təmkinli yanaşır. Əsas rəy budur ki, görünür dövlətin aidiyyatı qurumlarında mühüm informasiyalar var ki, belə radikal dəyişikliyə getdi. Hacı “Şahindən sonra İran o məscidi müxtəlif vasitələrlə təsiri altına almaq istəyib” deyənlər də var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan ilahiyyatçı Tural İrfan məscidlə bağlı qalmaqallı məqamlardan söz açıb:

“Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu təyinatını alqışlayıram. Belə ki, Məşədi Dadaş məscidinə yeni təyinat alan Hacı Əli Şərbətovu yaxşı tanıyıram. Bakı İslam Universitetində müəllim həmkarım olub, neçə il bir yerdə pedaqoji fəaliyyətlə məşğul olmuşuq. Belə məscidlərin İran təsirinə düşməməsi üçün gərək əvvəlcədən boşluq buraxmayasan. O məscidə əvvəllər toplaşan çoxsaylı adamlar indi görürük ki, yeni imamdan qaçırlar. Bu, doğru deyil. Məgər onlar ora şəxsiyyətə ibadət etməyə gedirdilər, yoxsa Allaha? Əgər Allaha ibadət edirdilərsə, Allah hər zaman vardır.

Həzrət Məhəmməd peyğəmbər salavatullah vəfat edəndə bəziləri onun ölümü ilə barışa bilmirdilər, dağılışmaq, İslamdan çıxmaq istəyirdilər. Peyğəmbərin qayınatası Əbu Bəkir həzrətləri çıxış edərək bildirdi ki, əgər kim Həzrət Məhəmmədə sitayiş edirdisə, bilsin ki, o, artıq ölüb. Kim Allaha sitayiş edirdisə, bilsin ki, Allaha ölə bilməz və əbədidir. Yəni İslamda şəxsiyyətə pərəstiş doğru sayılmır. Həmin məscidin sabiq imamı mərhum Hacı Şahin Həsənli vəfat edəndən sonra oradan adamların dağılışması, təzə təyin olan şəxsi boykot etmələri düzgün deyil və bu hərəkət elə Şahin Həsənlinin ruhuna da xoş gəlməz. O məsciddə mərhumun xatirələri var, qoy o icma onun xatirəsini əziz tutsun”.


Tural İrfan

İlahiyyatçı məscidlərin xarici təsirlərdən qorunması üçün vacib olan nüansları diqqətə çatdırıb:

“Kənar təsirlərə qapılmamaq üçün əvvəlcə məscidin rəhbəri milli, dövlətçiliyi dəstəkləyən adam olmalıdır. İndiyəcən olan təyinatlarda bu nəzəriyyə alınmırdı. Ancaq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin imam təyinatları çox dəqiq və şəffafdır. Kənar təsirlərə qapanmağa şərait ancaq imamların təyinatının bundan əvvəlki idarənin dövründə olub. Dini Komitə bundan sonra elə iş aparacaq ki, kənar təsirə düşmək minimuma edəcək.
Əsas məscidin imamıdır. O necə təbliğ edirsə, insanlar da o tərəfə yönəlir. Gərək axundlar, imam təyin olunanlar da insanları özlərinə yox, Allaha və Dövlətə bağlasınlar. İnsanların məhəbbətini özlərindən əvvəl Allaha, Qurana, dövlətə yönəltsinlər. Çünki insan əbədi deyil. Müqəddəs olanlar, Vətən əbədidir”.

Haci Sahini evez eden Eli Serbetov kimdir? - FOTO
Əli Şərbətov

Məşədi Dadaş Məscidinə yeni imam təyin olunan Hacı Əli Şərbətov Globalinfo.az-a açıqlamasında Hacı Şahindən sonra bu vəzifənin icrasının çətin olduğunu bildirib:

“Təyinatla bağlı deyə biləcəyim elə çox şey yoxdur. Sadəcə ehtiramı insanımızın və mənim də qəlbimizdə olan Hacı Şahindən sonra onun yerini doldurmaq çətindir. Eyni zamanda böyük məsuliyyət hissi ilə vəzifəmizi Allah və cəmiyyət qarşısında yerinə yetirməyə çalışacağıq. Təbii ki, Azərbaycançılıq ideyası əsasları üzərində əsrlərdən bəri süzülüb gələn milli-mənəvi dəyərlərimizi əziz xalqımıza çatdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Ayşən Mustafa
Globalinfo.az