Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Haaqa şəhərində keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş zirvənin keçirildiyi “World Forum” binasında baş tutub. Prezidentlərin baş-başa görüşündə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Administrasiyanın görüşə dair yayımladığı açıqlamada bildirib ki, Ərdoğan Fransa ilə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərin davam edəcəyini vurğulayıb.
Ərdoğan Makronla söhbətində İsrail və İran arasında əldə olunmuş atəşkəsin müsbət qarşılandığını bildirib. O qeyd edib ki, bu vəziyyətin daimi sükunətə çevrilməsi vacibdir. Ərdoğan həmçinin Qəzzada artan humanitar böhrana diqqət çəkərək, bölgədə bir an öncə davamlı atəşkəsin əldə olunmasının əhəmiyyətini ifadə edib.
Türkiyə lideri Avropanın yeni təhlükəsizlik və müdafiə sistemində Avropa İttifaqına üzv olmayan müttəfiqlərin də iştirakının faydalı olacağını bildirib. O, Türkiyə-Avropa İttifaqı münasibətlərinə strateji və uzunmüddətli baxışla yanaşmağın vacibliyini də vurğulayıb.
Prezident Ərdoğan həmçinin qeyd edib ki, Suriya regional qarşıdurmalardan kənarda qalmağa çalışır və İsrailin öz təhlükəsizliyini təmin etməsinin əsas yolunun qonşularında sabitliyin təmin olunmasından keçdiyini anlaması vacibdir.
Aysel Əliyeva
Globalinfo.az