Həmkarları Əli Əsədovu təbrik etdi

Özbəkistan Nazirlər Kabinetinin sədri Abdulla Aripov Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, A.Aripov Ə.Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkə hökumətləri qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur.

A.Aripov, həmçinin nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə edilmiş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib.

X X X

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, məktubda İ.Kobaxidze Ə.Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan-Gürcüstan əməkdaşlığı və qarşılıqlı dəstəyi iki ölkənin strateji tərəfdaşlığının və sıx mehriban qonşuluq əlaqələrinin bariz ifadəsi kimi qiymətləndirilib, münasibətlərin gələcəkdə daha da intensiv və əhatəli olacağına əminlik ifadə olunub.

Gürcüstanın Baş naziri iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səy göstərməyə hazır olduğunu bildirib.