Gürcüstanla Ermənistan silah məsələsində razılaşdı: Azərbaycan səssizliyinin səbəbi

Gürcüstan və Ermənistan müdafiə nazirləri İrəvanda ikitərəfli əməkdaşlıq planı imzalayıb. Bu razılaşmaya görə Ermənistana silahlar Gürcüstan ərazisindən daxil ola biləcək.

Diqqət çəkən əsas məqam isə Ermənistanın surətlə silahlanmasına, habelə bu silahların Gürcüstandan keçməsinə Azərbaycanın səssiz qalmasıdır.

Maraqlıdır, rəsmi Bakının səssizliyini qoruması nə ilə bağlıdır? Bakı Gürcüstana hansı halda etirazını bildirəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Azərbaycan Gürcüstanın Ermənistana daşınan silahlara niyə icazə verdiyini yaxşı bilir:

Asif Nərimanlı

“Belə ki, Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun təsdiqlənməsi gündəmdədir. Rəsmi Tbilisi bunu riskə atmaq istəmir. Bakı da bunu bilir və Gürcüstana etiraz etmir. Lakin bu o demək deyil ki, Azərbaycan məsələyə bütövlükdə səssiz qalacaq. Hesab edirəm, proses təhlükəli miqyas alacağı təqdirdə Bakının da anlayış limiti dolacaq. Xüsusilə hərbi texnikanın daşınmasının intensivləşməsi və hücum silahlarının ötürülməsi fonunda Bakı etirazını bildirə bilər”.

“O ki qaldı müdafiə nazirlərinin imzaladığı ikitərəfli əməkdaşlıq planına, bunun baş verəcəyi gözlənilirdi. Yəni Bakının bundan da xəbəri var. Bu baxımdan Ermənistanın silahlandırılmasında Gürcüstan marşrutundan istifadə hələ bir müddət davam edəcək” – Asif Nərimanlı deyib.

Turan Rzayev
Globalinfo.az