Gürcüstanın baş naziri: “Məni təhdid edirlər”

“Avropa Komissiyasının üzvlərindən biri mənə zəng etmişdi. Həmin telefon söhbətində o, Slovakiyanın Baş naziri Robert Fitsonun sui-qəsd faktını missal gətirərək, ehtiyatlı olmağı belə məsləhət gördü”.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

O bildirib ki, ölkəsində qəbul olunan “xarici təsir” qanununa görə verilən bu mesajı şəxsən özünə təhdid kimi qiymətləndirir.

İ. Kobaxidze vurğulayıb ki, son vaxtlar ölkə daxilində cəmiyyət əcnəbi siyasətçilərin açıq-aşkar təhdidlərə əl atdığının şahidi olur:

“Bu məlumatı xalqla bölüşmək mənim borcumdur. Robert Fitsonun güllələnməsindən sonra bizə qarşı yönələn təhdid dünyanın son dərəcə təhlükəli tendensiyalarla qarşılaşdığının bariz nümunəsidir. Əminəm ki, həmin qüvvələrin Gürcüstanla bağlı planı bu dəfə də iflasa uğrayacaq. Ölkəmiz mövcud sabitliyi qoruyub saxlaya biləcək və inkişafa doğru addımlamaqda davam edəcək”, – o deyib.