“Gürcüstanda seçkidən sonra müəyyən proseslər mütləq baş verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu gürcüstanlı alim Conni Melikyan deyib.
O bildirib ki, indiki hakimiyyət qalib gəlsə, müxalifət seçkinin nəticələrini tanımayacaq. Ən mühüm amil isə Qərbin onları tanıyıb-tanımaması olacaq.
“Bu gün artıq Avropa Birliyi ilə viza rejiminin bərpa oluna biləcəyi deyilir və müxalifət bu məsələdə fəal lobbiçilik edir. Çünki vizasız rejimin dayandırılması gəncləri hərəkətə keçirə bilər”.
Ekspert Gürcüstanda keçiriləcək seçkiləri 2012-ci il seçkilərindən daha vacib adlandırıb.
“Mübarizə yenidən keçmiş prezident Mixail Saakaşvili ilə sabiq baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi siyasi qüvvələr arasında aparılacaq. Fərq ondadır ki, indi Saakaşvili müxalifət kimi çıxış edir, İvanişvilinin partiyası isə hakimiyyətdədir. Son illərdə üçüncü alternativ qüvvələrin yaradılmasına cəhdlər edilib, lakin bu, uğurlu olmayıb. Gürcüstanda daxili siyasi mübarizə cəmiyyətin güclü qütbləşməsi və Rusiya ilə Qərb arasında qlobal münaqişə fonunda gedir. Rusiya ilə ərazi münaqişəsi olan Gürcüstan qızıl orta mövqe tutub. Tbilisi bir tərəfdən Ukraynaya siyasi və humanitar dəstək verir, digər tərəfdən isə Moskva ilə gərginliyi artıra biləcək əlavə anti-Rusiya addımlar atmır. Gürcüstan Rusiyaya qarşı tətbiq etdiyi beynəlxalq sanksiyalara əməl etməklə yanaşı, Moskvaya sanksiyalar tətbiq etməyib. Lakin Gürcüstanın bu mövqeyi Aİ-ni qane etmir. Çünki Gürcüstan Aİ-yə namizəd statusunu alan zaman ona şərt qoyulub. Yəni Tbilisi öz siyasətini Aİ-nin siyasətinə uyğun formada həyata keçirməlidir”, – deyə Melikyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az