itsik moshe 1

Noyabr ayında Gürcüstanda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) israilli iş adamını öldürmək üçün həyata keçirmək istədiyi uğursuz terror əməliyyatının iştirakçıları məlum olub.

Bu barədə rejimə müxalif “İran İnternational” saytı xəbər verir.

Qısa arayış:

İranın  İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, bir başqa adı ilə SEPAH) 40 il əvvəl İranda İslam inqilabı qalib gələndən dərhal sonra ölkənin İslam quruluşunu qorumaq və nizamlı silahlı qüvvələrini balanslaşdırmaq məqsədilə yaradılıb. Səkkiz il davam edən İran-İraq müharibəsi zamanı tam hərbi məktəb keçib formalaşan Korpus hazırda İranda aparıcı hərbi, siyasi və iqtisadi qüvvəyə çevrilib, Ali rəhbər Ayətullah Əli Xameneyi və bir çox digər yüksək vəzifəli şəxslərlə bu qurumun sıx əlaqələri var.

İİKK-nin 150 minlik şəxsi heyəti, quru, dəniz və hava qüvvələri var, bu struktur eləcə də İranın strateji silahlarına nəzarət edir.

İİKK-nin nəzarət etdiyi daha bir qurum hərbiləşdirilmiş Bəsic Müqavimət Qüvvələridir. Bu qurum ölkə daxilində müxalif qüvvələrin çıxışlarının qarşısını almaqda ciddi qüvvədir. Son bir neçə ayda baş verən nümayişlər zaman dinc əhaliyə divan tutulmasında bu qurumun hərbçiləri daha ciddi fəallıq nümayiş etdirirlər.

İİKK həmçinin İran iqtisadiyyatının idarəçiliyində mühüm rola malik olan bonyadları – xeyriyyə fondlarını – öz nəzarəti altında saxlayır.

SEPAH
Xarici əməliyyatlara cavabdeh olan Qüds Qüvvələri adlı İİKK-nin bölümü müttəfiq hökumət və silahlı qruplara maliyyə, texnologiya, təlim və məsləhət verməklə Yaxın Şərqdəki duruma təsir göstərir. Suriya, İraq, Yəmən Qüds Qüvvələrinin əsas fəaliyyət meydanlarıdır.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds 400 Birliyinin 5 üzvü İsrail-Gürcüstan Ticarət Palatasının sədri Gürcüstanda biznes fəaliyyəti ilə məşğul olan tanınmış İsrail vətəndaşı İtsik Moşenin (Itsik Moshe ) öldürülməsini həyata keçirmək üçün plan hazırlayıb. Təbii ki, terror aktının həyata keçirilməsinin ən yüksək səviyyədə razılaşdırıldığı barədə məlumatlar da var. Hətta bəzi məlumatlara görə İsrailə qarşı hazırlanan bu tipli əməliyyatlara ali dini liderin özü icazə verir.

Adı gizli saxlanan haker qrupu Gürcüstandakı əməliyyatı hazırlayanların kimlikləri, yaşadıqları məkan, İİKK-da fəaliyyətləri və sair barədə sənədləri təqdim ediblər. 5 nəfərdən ibarət qrupun üzvləri aşağıdakılardır: Huseyin Rohban (Hossein Rohban), Məhəmməd- Reza Arablou (Mohammad-Reza Arablou ), Muhsin Rafieyi Miandaşti (Rafiei Miandashti) , Fərhad Faşeyi (Farhad Fashaee ) və Əli Feyzipoor (Ali Feizipour).

İranın aradan götürmək istədiyi Moşe eyni zamanda Şərqi Avropada İsrailin ictimai diplomatiyasını həyata keçirən və müxtəlif ölkə vətəndaşları olan sadə insanlarla birbaşa dialoq apararaq onları İsrailin strateji hədəflərini müdafiə etməyə istiqamətləndirən İsrail Evinin rəhbəri kimi də fəaliyyət göstərirdi.

Qüds Qüvvəsinin 400-cü bölməsi İranın xaricində gizli hərbi əməliyyatları həyata keçirmək məsələləri ilə məşğuldur və bəzi ölkələrdə İsrail vətəndaşlarının qətlini planlaşdırıb. Gürcüstanın paytaxtı Tiflisdə həyata keçirilməsi nəzərdə tutulan əməliyyatın informasiya təminatını əl-Qaidənin Pakistan bölməsi həyata keçirib. Hadisənin açılmasına da elə Pakistandan olan qrupun şübhəli davranışı səbəb olub. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti noyabr ayında İran-Gürcüstan vətəndaşlığına malik Miandashti və Faşeyinin həbs olunmaları barədə məlumat vermişdi. Onlar terror aktını yerinə yetirmək üçün Türkiyədən silah gətirmək vəzifəsini həyata keçirməli idilər. Məlumatda qətli sifariş verənlərdən birinin – Ruhbanın Gürcüstandan kənarda olduğu da bildirilib. Haker qrupunun verdiyi məlumata görə o Urmiyada yaşayır. Qrupun əlaqələndiricisi vəzifəsini yerinə yetirən Arablounun Zəncan şəhərində yaşadığı bildirilir.

Terror qrupunun rəhbəri Ruhban birbaşa 400-cü bölmənin başçısı olan Həmid Abdullahiyə tabedir. Bu şəxs 2007-2015-ci illərdə Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatlarındakı səfiri olmuş Adel əl-Cübeyrə qarşı təşkil olunan uğursuz sui-qəsdə görə beynəlxalq axtarışdadır. O, həmçinin İslam Keşikçilər Korpusunun Zahidandakı birliyinin başçısı və  Amerika Birləşmiş Ştatları tərəfindən drondan açılmış raket zərbəsi ilə öldürülən Qüds Qüvvələri komandiri Qasım Suleymaninin köməkçisi vəzifəsində işləyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvəsinin 400-cü bölümündə çalışanların əksəriyyəti Süleymaninin yoldaşlarıdır və onlar Kirmandakı Sarallah bölüyündə birlikdə fəaliyyət göstəriblər. Sonradan onlar Hacı Qasım dəstəsində birləşiblər. 2020-ci ilin yanvarın 3-də öldürülən Süleymani İraq, Suriya, Livan və digər ölkələrdə fəaliyyət göstərən və dəfələrlə Amerikanın regiondakı qüvvələrinə qarşı hücumlar təşkil edən  İranın maliyyələşdirdiyi hərbi birləşmələrə rəhbərlik edirdi.

gurcustan 232

Gürcüstandakı terror hərəkəti ilə bağlı məlumat Türkiyə və İsrail xüsusi xidmət orqanlarının İstanbulda İsraildən olan turistlərə qarşı İran tərəfindən hazırlanan sui-qəsd hadisəsinin üstünün açılmasından bir ay sonraya təsadüf edir. O zaman İsrail öz vətəndaşlarına Türkiyəyə səfər etməmələri barədə xəbərdarlıq etmişdi. Bu hadisə zamanı Türkiyənin tanınmış turizm mərkəzlərinin birində 8 İran vətəndaşı silah və sursatla birlikdə həbs edilmişdi.

2021-ci ilin oktyabr ayında Kiprdə yenə də İran xüsusi xidmət orqanları tərəfindən İsrail vətəndaşı milyarder Teddi Saqiyə qarşı hazırlanan sui-qəsdin üstünün açılması barədə xəbərlər yayılmışdı. Amma Tehran həmişə olduğu kimi bu hadisə ilə hər hansı bir əlaqəsinin olduğunu inkar etmişdi.

Bütün bunlar İrana bağlı müxtəlif qrupların İsrail vətəndaşlarına qarşı terror və sui-qəsd hərəkəti keçirməkdən bir an belə əl çəkmədiyini sübut edir. Təbii ki, bu yolla molla rejimi onun ölkəsində həyat keçirilən və tanınmış nüvə tədqiqatçılarını hədəf götürən təxribatların qarşısını almaq və ya əvəzini çıxmaq istəyir. Amma bütün cəhdlərinə baxmayaraq, son dövrlərdə İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus qüvvələrin həyata keçirdiyi uğurlu əməliyyat barədə hər hansı bir məlumat yoxdur. Çünki İran xüsusi xidmət orqanlarının dəsti-xətti artıq dünyanın bütün kəşfiyyat orqanlarına məlumdur və onların atmaq istədikləri addımların qarşısı vaxtında alınır. Bəlkə də bu, İranın təxribatçı hərəkətlərinə qarşı bir neçə dövlətin birlikdə mübarizə aparmasının nəticəsidir.

Amma Gürcüstanda baş verən son hadisədən Gürcüstan hökuməti ciddi nəticə çıxarmalıdır. Çünki İran xüsusi xidmət orqanları bu ölkədə regionun heç bir yerində olmadığı qədər sərbəst idi və oradan qonşu ölkələrdə terror və təxribat fəaliyyəti həyata keçirmək üçün istifadə edirdi. Gürcüstan hökuməti bu sahədə Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq etməli və qonşu ölkədə planlaşdırılan qanunsuz hərəkətlərin qarşısını vaxtında almalıdır. Gürcüstanın İslam İnqilabı Keşikçiləri Korpusunun fəal olduğu ölkələr sırasına daxil edilməsi heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq.

Əlimusa İbrahimov, politoloq
Xüsusi olaraq Globalinfo.az üçün

Paylaş: