Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası Mixail Kavelaşvilinin prezidentliyə namizədliyini təqdim edib.
Globalinfo.az xəbər verir ki, bunu partiyanın fəxri sədri Bidzina İvanişvili açıqlayıb.
M.Kavelaşvili 11 çağırış Gürcüstan parlamentinin deputatı olub. O, 2022-ci ildə Gürcü Arzusu Partiyasını tərk edərək Xalq Hakimiyyəti Partiyasına qoşulub. 2024-cü il 20 mart tarixindən partiyanın siyasi katibidir.
Kavelaşvili Gürcüstan millisinin sabiq hücumçusudur. 1988-1995-ci illərdə “Dinamo Tbilisi”də çıxış edib. Onun fəaliyyəti müddətində klub üç dəfə Gürcüstan çempionu olub. Müxtəlif illərdə o, “Mançester Siti”, “Qrasşoper”, “Sürix”, “Lyusern” kimi futbol klublarda çalışıb. Kavelaşvili UEFA-nın məşqçilik təhsili üzrə B lisenziyası alıb. 2009-cu ildə Gürcüstanda Dünya Futbolçular Assosiasiyasının (FIFPro) təsisçisi və fəxri prezidenti olub.
Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra millimiz ilk oyununu 17 sentyabr 1992-ci il tarixində Gürcüstana qarşı keçirib. Matç Gürcüstanın 6-3 hesablı qələbəsi ilə yekunlaşıb. Mixail Kavelaşvili sözügedən oyunda 15 dəqiqə meydanda olub.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Yeni qaydaya əsasən, Gürcüstanda prezident Konstitusiyaya uyğun olaraq artıq birbaşa xalq səsverməsi ilə seçilməyəcək. Partlamentə prezident seçmək səlahiyyəti verilib.
Oktyabrın 26-da keçirilən parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qələbəsindən sonra ölkədə başlayan etiraz aksiyaları davam etdirilir.
Əliyar Xəlil
Globalinfo.az