Gürcüstanda aksiya: Etirazçılar parlamentə gedən yolu bağladılar, yaralı var – YENİLƏNİB

Polis parlamentin yaxınlığında keçirilən aksiyada 14 nəfəri saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin bir əməkdaşı xəsarət alıb. Ona müvafiq tibbi yardım göstərilib.

***

00:03

Tbilisidə müxalifət xarici agentlər haqqında qanuna etiraz edib.

Globalinfo.az xəbər verir ki, müxalifət Gürcüstan parlamentinin binası qarşısına toplaşaraq əsas prospekt yolu bağlayıb.

“Xarici agentlər haqqında qanunun qəbuluna qarşı mitinq başlayıb. Qeyd edək ki, hakimiyyət bu qanun layihəsini düz bir il əvvəl qəbul etməyə hazırlaşırdı. Amma bu gün səhər saatlarında qanunun müzakirəsinə başlayıblar. Ona görə də etirazçılar parlament binasının qarşısında toplaşıblar. Paralel olaraq parlamentin yaxınlığında da bir neçə etiraz aksiyası keçirilir”, – deyə “İzvestiya” nəşrinin əməkdaşı bildirib.

Məlumata görə, etirazçılara müxtəlif universitetlərin tələbələri, qeyri-hökumət təşkilatlarının əməkdaşları da qoşulub. Onlar mitinqə Avropa İttifaqı və NATO bayraqları ilə gəliblər.

Aksiyanın keçirildiyi əraziyə Gürcüstanın xüsusi təyinatlıları cəlb olunub. Görünən odur ki, hakimiyyət müxalifətin istənilən təxribatının qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili də aksiya ilə bağlı paylaşım edib.

O bildirib ki, xüsusi təyinatlılar Avropanın gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır.

Zurabişvili həbs edilənlərin olduğunu açıqlayıb və ölkəsinin sovetləşmə ilə heç cür barışmayacağını diqqətə çatdırıb.

Əliyar Xəlil
Globalinfo.az