Gürcüstan və Ukraynadan sonra növbəti qurban… – Türkiyədən verilən bəyanatın şifrələri

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib ki, regionumuzda militarizasiya siyasəti həyata keçirən, silahlanma yarışmasına rəvac verən, regionda yeni ayırıcı və bölücü xətlərin yaradılmasına cəhd göstərən, eyni zamanda Cənubi Qafqaz regionu xaricində olan geosiyasi intriqalarını bölgəyə daşımaq istəyən qüvvələr var.

“Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, bir növ konfrontasiya xətti kimi inkişaf etdirməyə çalışan müəyyən qüvvələr var ki, bütün bunlar da təəssüf doğurur. Biz gözləyirik ki, Ermənistan əvvəlki illərin səhvini təkrarlamayacaq, regionda davamlı sülhə xidmət edəcək bir siyasət yürüdəcək. Azərbaycanın niyyəti bundan ibarətdir” – H.Hacıyev deyib.

Hikmət Hacıyev 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Hikmət Hacıyevin açıqlaması son dövrlər Cənubi Qafqazda baş verən geosiyasi mübarizənin təfsilatından ibarətdir:

“Bölgədə militarizasiya siyasətini həyata keçirən və geosiyasi mübarizə elementlərini bura daşıyan qüvvələr prosesi açıq müstəviyə keçirib. Əgər 20 sentyabr 2023-cü ilə qədər, yəni Qarabağda erməni separatizminin mövcud olduğu dövrdə maraqların təmin edilməsində müəyyən elementlərdən, xüsusilə separatizmdən istifadə edirdilərsə, yaxud geosiyasi mübarizənin tərəfləri olan Qərb və Rusiya erməni separatizmi məsələsində ortaq məxrəcdən çıxış edə bilirdilərsə, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra vəziyyət dəyişdi.

Erməni separatizminin ləğvindən sonra əslində sülh dövrü başlanmalı idi, çünki Bakı və İrəvan arasında əsas problem aradan qalxmışdı, lakin bunun əksi baş verdi. Ermənistanın sürətli silahlandırılması ilə regional sülh perspektivləri baltalandı. Bunu edən əsas qüvvənin Fransa olduğu aydındır. Hikmət Hacıyev konkret ölkənin adını açıqlamasa da proseslər göstərir ki, regionu silah anbarına çevirən və başqa regionlardakı geosiyasi mübarizəni Cənubi Qafqaza köçürən rəsmi Parisdir. Fransa Afrikada zəifləyən mövqelərini Cənubi Qafqazda kompensasiya etmək, Qara Qitədə Rusiyanın onun yerini tutmasının əvəzini bizim bölgə üzərindən çıxmaq siyasəti yürüdür. Ermənistanın silahlandırılması da bu ölkə üzərindən bölgədə möhkəmlənməkdir və məsələ odur ki, bu geosiyasi hədəflərə çatmaq üçün Ermənistan və Azərbaycan arasında yeni eskalasiya vasitə olaraq seçilib. İrəvan bu oyuna nələrsə qazanmaq üçün daxil olsa da, əslində Ermənistan qurbandır. Vaxtilə Gürcüstanda bu proses yaşandı, iki ildir Ukraynada gedir, növbəti qurban da görünür, Ermənistan olacaq. Hikmət Hacıyev əslində Ermənistan səhv edəcəyi təqdirdə, baş verəcəkləri izah etdi”.

Turan Rzayev
Globalinfo.az