Gürcüstan tarixində ən utancverici hadisə yaşanacaq

“Gürcüstan hökuməti dünyanın gözləri qarşısında gürcü xalqına yatıb yuxuda görə bilməyəcəyi demokratik ortam bəxş etmiş Mixail Saakaşvilini öldürür”.

Globalinfo.az xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd edib.

“Görünən budur ki, post-sovet məkanında “vor zakon” istehsal edən bir xalqa bir neçə il ərzində Avropa dəyərlərini aşılamaq o qədər də asan iş deyilmiş. Ancaq M.Saakaşvili bu fantastik inqilaba cürət etdi. Bu inqilabın nəticələrini çoxlarımız gedib yerində gözlərimizlə görsək də, onun baş verdiyinə inana bilmirdik. Az müddət ərzində demokratik inqilabın başa çatdığı real görünmürdü. Bu gün o şübhələrimiz təsdiqlənir. Böyük əksəriyyətinin xislətində yaramaz əməllər kök salmış bir millətin yüzillər boyunca formalaşmış baxışlarını qısa zaman kəsiyində demokratik dəyərlərlə əvəzləmək mümkün deyildi”, – professor bildirib.

Onun sözlərinə görə, dünya tarixində ən böyük və ən çətin inqilab şüurda edilə bilən inqilabdır:

“Belə inqilabın başa çatması üçün uzun yol keçilməlidir. M.Saakaşvilinin Gürcüstanda başlatdığı inqilab davam etmədi. Çünki gürcü xalqının çoxluğu bunu istəmədi (istəsəydilər, M.Saakaşvili bu gün Gürcüstan həbsxanasında can verməzdi). Bir sözlə, M.Saakaşvilidən sonra gürcülər “kəndinə qayıtmağa” başladılar. Saakaşvilinin yolunu davam etdirmək heç kimə lazım olmadı. M.Saakaşvili bunun belə olduğunu bilirdi və elə bu səbəbdən də hər şeyi göz önünə alıb Gürcüstana döndü. O, başladığı və yarımçıq saxlanılmış inqilabı başa çatdırmaq istəyirdi. Ancaq görünən budur ki, gürcülər bir xalq olaraq ona demokratik dəyərlər bəxş edəcək inqilaba hazır deyildi və bunu istəmirdi.

M.Saakaşvili Gürcüstan həbsxanasında həyatını itirərsə, bu, gürcü xalqının tarixində ən utancverici hadisə olacaq! Çünki o, sıradan biri deyil, yüksək bəşəri dəyərləri olan böyük və böyük olduğu qədər də cəsur bir siyasətçidir!”

Gülnar Səlimova
Globalinfo.az