Gürcüstan Prezidentinin saytı dağıdıldı: “Rusiya naminə…”

Hakerlər Gürcüstan Prezidentinin saytını dağıdıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Newsgeorgia” məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ölkə prezidentinin saytına haker hücumunda iştirak edən şəxslərin kimliyini müəyyənləşdirir. Onların ən qısa müddətdə aşkarlanaraq məsuliyyətə cəlb olunması istiqamətində iş aparılır:

“Sözügedən kiberhücumun qarşısı alınıb və Prezident Administrasiyasının internet saytı adi rejimdə fəaliyyət göstərir. Hələlik kiberhücumun hansı ölkədən edildiyi məlum deyil”, – məlumatda bildirilib.

Qeyd edəık ki, president.ge saytı bir neçə saat offline olub.  Əsas səhifənin əvəzinə sümük və kəllə şəkili olan panel görünüb. Üzərində isə “Rusiya naminə” sözləri yazılıb.

Qərb xüsusi xidmət orqanlarının məlumatına görə, Prezidentin saytına hücum edən “Cozy Bear” Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) himayəsi altında fəaliyyət göstərən haker qrupudur.

Adıçəkilən qrup 2008-ci ildə prezidentliyə namizəd Barak Obamanın qərargahına, ABŞ Maliyyə və Ticarət nazirliklərinə, eləcə də  bir çox digər dövlət qurumlarına edilən hücumlarla bağlı xatırlanır.

Məlumat üçün bildirək ki, son 24 saat ərzində Gürcüstanın müxalif  “Formula” və “Mtavari” telekanallarının saytları da kiberhücumlara məruz qalıb.

Əliyar Xəlil,

Globalinfo.az