“Gürcüstanda həqiqət qələbə qazandı”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya hakimiyyətinin əsas təbliğatçılarından sayılan erməni əsilli gürcü aparıcı Tina Kandelaki deyib.
O, 2008-ci il müharibəsi ilə bağlı eks-prezident Mixail Saakaşviliyə qarşı araşdırma başladılmasını dəstəkləyib:
“Saakaşvili özünü gürcü çarı David (IV David) sayırdı. Fəxr edirdi ki, onun dövrünün Gürcüstanı barədə hələ çox danışacaqlar…
Bu illər ərzində Gürcüstanın həqiqi müdafiəçilərinin nə qədər nifrət qazandığını xatırlamaq qorxuncdur. Amma indi biz həqiqətin dəyərini yaxşı bilirik. Gürcüstanın əsas düşməni üçün layiqli cəzanı gözləyirik. Kimsə Ermənistanda və Ukraynada vəziyyətin fərqli olacağını düşünürsə, yanılır. Tarix həmişə təsadüfi çarları tullantıları basdırdığı kimi basdırır”.
Qeyd edək ki, Gürcü Arzusu Partiyası Mixail Saakaşviliyə qarşı geniş kampaniyaya başlayıb. Artıq bir neçə gündür 2008-ci il müharibəsinin Gürcüstan tərəfindən başladılması fikri təbliğ olunur. Üstəlik, hakim partiya bu işdə M.Saakaşvilinin əlinin olduğunu deyir və ona qarşı məhkəmə prosesi başladacağını bildirir.
Saakaşvili isə bundan öncə dəfələrlə Gürcüstan müharibəsini Rusiyanın başlatdığını detallı izah edib.
Əliyar Xəlil
Globalinfo.az