İranda dekabr ayından başlayan etiraz aksiyaları davam edir. Mövcud gərginlik fonunda etirazçıların ağır cəzalara məruz qalması və vəziyyətin daha da kəskinləşəcəyi təqdirdə iranlıların ölkəni tərk edəcəyi proqnozlaşdırılırdı. Lakin gözləntilərin əksinə olaraq İrandan nə Azərbaycana, nə Avropaya, nə də digər dinc ölkələrə kütləvi köç qeydə alınıb. Türkiyə də iranlı qaçqınların axını ilə üzləşməyib.
Kütləvi köçün baş verməməsinin əsas səbəbi nədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, bu ehtimal hələ də tam aradan qalxmayıb:
“ABŞ və İran arasında müharibə başlamayıb. İran ərazisi bombalanmır, dinc əhalinin ölkəni tərk etməsi üçün ciddi zəmin yaranmayıb. Bununla belə, Türkiyə artıq hər ehtimala qarşı tədbirlər görməyə başlayıb. Əgər müharibə başlasa, qaçqın axınını istisna edilmir. Azərbaycan da iranlıların üz tuta biləcəyi ölkələr sırasındadır. Bütün bu proseslər ABŞ-ın mümkün hücumundan asılıdır”.
Əli Mustafayev
Ekspert qeyd edib ki, İranda yaşayan soydaşlarımızın ölkəni tərk etməsinə deyil, öz torpaqlarına sahib çıxmasına ehtiyac var:
“Görünür, insanlar artıq bunu dərk etməyə başlayıblar. Ölkədən qaçmaq əvəzinə, ölkənin sahibi olmağa çalışırlar. Qarşıdakı toqquşma ciddi ola bilər və rejim dəyişikliyi istisna edilmir. Əgər bu baş verərsə, yeni hakimiyyət formalaşacaq və kim güclüdürsə, ölkəni o idarə edəcək. Min illər boyu türklərin idarə etdiyi İranın yenidən türklər tərəfindən idarə edilməsinə nail olmaq lazımdır.
Bu məsələyə qaçqınlıq və humanitar fəlakət prizmasından deyil, baş verə biləcək hadisələrin nəticələri və ölkəyə sahib çıxmaq baxımından yanaşmaq lazımdır. Eyni zamanda, ehtimal olunur ki, mümkün hücumlar nöqtəvi xarakter daşıyacaq və mülki əhalinin yaşadığı ərazilər hədəf alınmayacaq”.
Safura Bənnayeva
Globalinfo.az