Nemət Pənahlıdan sensasion Güney Azərbaycan açıqlamaları: “Kürdləri türklərə qarşı təşkilatlandırırlar”

“ABŞ, İngiltərə, Fransa, İsrail İran rejiminin fitvasını verib”

İranda qanlı etirazlar davam edir. Ölkədə yaşayan bütün xalqlar mövcud rejimin devrilməsi və demokratik quruluşun yaradılması üçün mübarizə aparırlar. Etirazlar həbslərlər, qətllər və edamlarla müşayiət olunur.

Uzun illərdir əsas hüquqları əllindən alınan Azərbaycan türklərinə qarşı İran hakimiyyəti tərəfindən bu etirazlarda da xüsusilə sərt addımlar atılır.

Mövzu ilə bağlı Globalinfo.az Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri Nemət Pənahlıdan açıqlama alıb.

O, mübarizə meydanına çıxandan vahid Azərbaycan uğrunda mübarizə apardıqlarını bildirib:

“Heç vaxt Azərbaycanın şimalına, cənubuna fərq qoymamışam. Konfuçinin gözəl bir deyimi var: “Tarixin ibrət dərslərindən nəticə çıxarmayan millətləri yeni-yeni faciələr gözləyir”. Güney Azərbaycanda dörd inqilab – Səttarxan, Xiyabani, Pişəvəri hərəkatları olub və bunların hamısı məğlubiyyətlə nəticələnib.

Sovet imperiyası dağılmaq ərəfəsində bölgələrdə özünü qorumaqdan ötrü xalqlar arasında nifaq saldı. Biz müstəqillik uğrunda mübarizə aparanda Ermənistan-Azərbaycan münaqişəsini təşkil etdi, abxazlarla gürcüləri bir-birinə qarşı qızışdırdı. Tarix boyu İranda da eyni siyasət aparılıb. Bizim uğurumuz ondadır ki, istər Azərbaycanın şimalında, istərsə də cənubunda kürdlərlə daim toqquşma salsalar da, Moskvada “Talış Muğan Respublikası” adından, talışlar adından televiziya təşkil edib, nifaq yaratmaq istəsələr də buna nail ola bilməyiblər.

Azərbaycanda olan etnik qruplar Azərbaycan türkü ilə çiyin-çiyinə vuruşublar, buranı vətən bilib, öz dövləti sayıblar. Ancaq təəssüflər olsun ki, Türkiyədə buna nail olublar. 40 ildən çoxdur ki, kürdləri Türkiyə Cümhuriyyətinə qarşı istifadə ediblər. Bunun da nəticələri göz qabağındadır”.

Güneydə gedən prosesləri ardıcıl şəkildə izlədiyini deyən N.Pənahlı oradakı bütöv Azərbaycan ideyası ilə yaşayan çox yaxın silahdaşlarından həyəcanverici informasiyalar aldığını bildirib:

“Bilirsiz ki, kürdlər dünya səviyyəsində beynəlxalq güclər və əsasən də ABŞ tərəfindən İraqda, Suriyada, Liviyada Türkiyəyə qarşı təşkilatlandırılır. Kürd hərəkatı beynəlxalq səviyyədə dəstəklənir. O cümlədən həmin xətlə beynəlxalq güclər İrandakı kürdləri də türklərə qarşı təşkilatlandırır. Kürdlər kütləvi şəkildə gəlib Urmiya sərhədində torpaqlar alıblar. Həlledici məqamda da türkləri sıxışdırıb ordan çıxaracaqlar.

Yəni bu təhlükə realdır. Siyasətçilərin vəzifəsi odur ki, qarşıdan gələn təhlükələri neytrallaşdırsın, onu qızışdırmasın. Biz Azərbaycan türkləri kürdlərlə eyni dinə mənsub və ortaq dəyərləri olan millət kimi iç-içə yaşamışıq. Biz qardaş xalqıq, xarici düşmənə qarşı birgə mübarizə aparmış millətlərik. Türkiyədə də Prezident Rəcəb Tayyib Ərdoğan kürd xalqı ilə PKK-nı ayırmaqla çox müdrik siyasət aparır. Xarici düşmən isə çalışır ki, xalqı da həmin terrorçu təşkilatların arxasında birləşdirsin”.

Partiya sədri hesab edir ki, İranda gedən proseslər gərginləşəcək və rejimin yaşamaq şansı yoxdur:

“Bu rejim İranda yaşayan təkcə Azərbaycan türkünün deyil, fars, ərəb, bəluc və s. millətlərin ümumi nifrət hədəfinə çevrilib.

Ümumiyyətlə, bizim bu bölgədə əsrin əvvəllərində iki süni dövlət yaratdılar. Qədim Azərbaycan torpaqlarında erməni dövlətini və əsrlərlə türk hakimiyyətinin olduğu ərazidə İran dövlətini yaratdılar. Dədə Qorquddan bəri Ağqoyunlular, Qaraqoyunlular, Səlcuqlar, Şəddadilər, Əfşarlar, Qacarlar hamısı türk sülaləsi olub. Bütün beynəlxalq güclər türk dünyasına qarşı savaş açdı. Osmanlı dövlətini dağıtdılar, İranda da Qacarları hakimiyyətdən saldılar, türk və islam aləminə qarşı Pəhləvi rejimini yaradıb, məshəbçiliyi qabardaraq şiyəçilik adı altında müsəlman dünyasını parçaladılar. Ona görə İran da, erməni dövləti də məqsədli şəkildə, süni yaradılmış dövlətlərdir, həm türk dünyası, həm də islam aləminə qarşı istifadə olunur.

İranda hakimiyyətə Xameneini dəstəkləyib gətirdilər. Amma indi bu rejimi beynəlxalq güclər də artıq dəstəkləmir. Həm daxildə xalqların nifrətini qazanıb, həm də beynəlxalq səviyyədə öz əhəmiyyətini itirib. ABŞ, İngiltərə, Fransa, İsrail İran rejiminin fitvasını verib”.

Nemət Pənahlı vurğulayıb ki, heç bir rejim öz xoşuna və qan tökmədən getmir:

“İranda baş verən proseslərdə yüzlərlə insan öldürülür, edam edilir. Rejim getdikcə quduzlaşacaq. Birinci çalışacaqlar ki, kürd-türk müharibəsi salsınlar. Güney Azərbaycanın qərbində toqquşma üçün münbit şərait yaradıblar.

Güneydən dostlarımız ordan informasiya verirlər ki, Güney Azərbaycan sərhədi boyunca kürdləri yerləşdirirlər və orada azərbaycanlıları sıxışdırırlar. İranda demokratik sistem yoxdur ki, orda siyasi fəallıq olsun. Ona görə Güney Azərbaycanda xalqı həlledici anda istiqamətləndirən belə bir təşkilat və ya lider yoxdur.

Mən həyəcan təbili çalmışam. Mənim Məkkəm, Mədinəm Təbriz olub. Arzularımız, xəyallarımız bu şəhərlə bağlıdır. 20 Yanvarda bütün millət qan ağlayanda özümü saxlamışam, amma indi hadisəni hiss edirəm və faciəni öncədən görürəm. Şimali Azərbaycan hakimiyyəti Güney Azərbaycana sahib çıxmasa, maddi-mənəvi dəstək verməsə, orada dəhşətli fəlakətlər baş verəcək”.

Gülnar Səlimova
Globalinfo.az