Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə 2023-cü ilin 24 iyul tarixində “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib. Müsabiqənin təşkili zamanı şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr planının tərtibi və Nəşriyyat Məhsullarının Satın alınması üzrə Komissiya həyata keçirib.
Globalinfo.az xəbər verir ki, müsabiqəyə təqdim olunan, müxtəlif janrlarda yazılan 546 adda kitabların içərisindən Azərbaycan Texniki Universitetinin “Mexanika” kafedrasının müəllimi t.f.d. Əlisgəndər Akif oğlu Salamov və AR ETN Radiasiya Problemləri İnstitutunun “Bərpa olunan enerji növlərinin çevrilməsi laboratoriyası”nın rəhbəri, eyni zamanda həm də Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya” kafedrasının dosenti, f.ü.f.d. Oktay Mustafa oğlu Salamovun müəllifi olduğu “Günəş enerjisindən istifadə” adlı elmi-populyar üslubda yazılmış kitabın da satın alınması komissiya üzvləri tərəfindən qərara alınıb və sifariş üçün müəlliflərə müraicət edilib.
Kitabda bərpaolunan enerji mənbələrindən biri olan günəş enerjisindən istifadə üsulları, günəş energetik qurğularının quruluşu, iş prinsipi, tarixi və günəş enerjisindən istifadənin gələcək perspektivlərindən bəhs edilir. Kitabın dili sadə olmaqla yanaşı o həm də nisbətən elmi üslubda yazılıb. Bu səbəbdən də, həmin kitab əlaqədar sahə üzrə təhsil alan tələbələr və digər mütəxəssislər üçün ixtisasa giriş baxımından müəyyən rol oynamaqla yanaşı, həm də, müxtəlif yaş və ixtisas kateqoriyasına aid oxucular üçün də böyük maraq kəsb edir. Hazırda kitabxana fondlarında bərpaolunan enerji mənbələri sahəsində geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və elmi-texniki üslubda yazılmış yeni ədəbiyyatların çeşidinin az olduğunu və belə ədəbiyyatlara oxucu tələbatının çox olduğunu nəzərə alsaq Komissiyanın bu kitabın satınalınması barəsində müsbət qərar verməsi təqdirəlayiqdir. Müsabiqədən keçmiş kitabların müəlliflərdən satınalındıqdan sonra Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində olan kitabxanalarına paylanması nəzərdə tutulub.



