Günel Səfərova: “Müəllim o videoya görə cəzalandırılmayıb”

“İmişli rayonuna getməkdə əsas məqsədimiz Aranlı kənd məktəbini ziyarət etmək idi. Həm məktəbi canlı qiymətləndirdik, həm də kollektiv və rəhbərliklə görüşdük. Birinci məsələ ondan ibarətdir ki, məktəbdə əsaslı yenidənqurma və bərpa işləri aparılmalıdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

Onun sözlərinə görə, həmin məktəb təlim-tədris keçirilməsi üçün uyğun şəraitdə deyil:

“2023-cü ildə bu məktəb tamamilə yenilənəcək. Təhsil ocağının 3 sanitar su qovşağı var. Əlbəttə ki, vəziyyət saya uyğun deyil, çünki orada 477 uşaq təhsil alır və bu, sıxlığın yaranmasına səbəb ola bilər. Hazırda orada 2 əlavə mobil tipli sanitar su qovşağı tikilir. Məktəb direktorunun idarəetməsində, texniki və təsərrüfat işlərinin təşkilində, kollektiv arasındakı münasibətlərdə boşluqlar var. Bununla bağlı direktorla da görüşdük, müzakirələr apardıq”.

Şura sədri bildirib ki, bir qədər əvvəl töhmət alması ilə gündəmə gələn Leyla Nəcəfquliyeva adlı müəllimlə də görüşüb:

“Ona töhmət verilməsi konkret bu videoya bağlı deyil, bunu özü də etiraf etdi. Video dekabr ayında çəkilsə də, 1 ay sonra yayılıb”.

G.Səfərova Elm və Təhsil Nazirliyinə rəy bildirdiklərini deyib:

“İctimai şura olaraq qərara gəldik ki, məktəb təcili yenilənməlidir. Regionun əksər məktəblərinə və regional idarələrin hamısına səfərlər təşkil olunacaq, direktorlarla görüşüləcək”.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək ayaqyolu tikilənə qədər şagirdlərdən məktəbə gəlməmələrini istəmişdi. Bundan sonra ona töhmət verilmişdi.

Zaira Akifqızı
Globalinfo.az