Gündəmi silkələyəcək gəlişmə: səs-küylü əməliyyatlara hazırlıq gedir – Siyahıdakı şok adlar

Qarabağla bağlı cərəyan edən proseslər daxili siyasətdə bəzi məsələləri arxa plana keçirib. Dövlət bütün varlığı ilə bu mövzuya köklənib. Sülh sazişinin imzalanacağı barədə son günlər verilən bəyanatların, proqnozların ardı-arası kəsilmir.

Ermənistan Baş naziri Nikol Paşinyan may ayının 22-də bəyan etdi ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Cəmi 3 il əvvəl deyirdi, “Qarabağ Ermənistandır, nöqtə”. Onun qabağına elə bir nida qoyduq ki, 180 dərəcə mövqe dəyişdirməyə məcbur oldu. Azərbaycan dövləti öz qüdrəti ilə bu cırtdan ölkəyə yerini tanıtdı.

Nikol Paşinyanın qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kv.km daxilində tanıması ölkəmizin yaratdığı yeni reallıqlarla bağlıdır. Paşinyan müharibə istəmədiyini bildirib. Ordumuzun əlinin suyunu görüb axı. Bilir ki, daha bir müharibə ona, ölkəsinə və xalqına nələrə başa gələr.

Dövlətin əlinin suyunu görən Paşinyan deyil təkcə. Erməni ordusu, separatçıları da bu məsələdə tək deyillər. Azərbaycan dövlətinin sərt üzünü görənlər arasında daxili düşmənlər də var. İran xüsusi xidmət orqanlarına işləyən, Azərbaycanın dövlət maraqlarına qarşı çıxan xeyli sayda şəxs son aylar hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatları ilə saxlanılaraq, istintaqa təhvil veriliblər. Barələrində araşdırma aparılır. Yəqin, məhkəmədə layiq olduqları cəzaları alacaqlar.

Dövlətin barışmaz üzünü görən bir başqa təbəqə də var ki, onlar nə İrana işləyir, nə Ermənistana, nə də başqa paytaxtlara. Bir yerə işləyirlər – ciblərinə! Büdcəni talayan, dövlətin vəsaitini oğurlayan, xalqı incidən məmurlardan söhbət gedir. Maraqlıdır, belələrinə qarşı əməliyyatı da DİN, DTX, Baş Prokurorluq aparır. Cinayətkar cinayətkardır – fərq etməz.

Xeyli vaxtdır səs-küylü antikorrupsiya əməliyyatları keçirilmir. Sonuncu belə tədbir Naxçıvanda oldu. Ötən ilin noyabr ayından bu ilin fevralına kimi muxtar respublikada aparılan yoxlamalar, keçirilən xüsusi əməliyyatlar nəticəsində onlarla məmur saxlanılaraq Bakıya gətirilib. Hazırda istintaq altındadırlar. Bu prosesin pik nöqtəsi Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsi oldu. Bundan sonra proses xeyli səngidi, amma həbslər davam etdirildi.

Üç ay öncə yazmışdıq ki, may-iyun aylarında ölkədə korrupsiya əleyhinə əməliyyatlara yenidən start veriləcək. “Hakimiyyət bu məmurlarla bağlı sensasion qərar verib – İyun ayına kimi…” başlıqlı yazıdan söhbət gedir. 24 fevral 2023-cü ildə dərc olunan məqalədən sitat:

“Məlumatlı mənbənin Globalinfo.az-a bildirdiyinə görə, dövlət antikorrupsiya tədbirlərini və rüşvətxor məmurların neytrallaşdırılması prosesini müvəqqəti olaraq təxirə salıb. Buna səbəb kimi hazırkı şərtlər göstərilir. Azərbaycan regional və qlobal müstəvidə növbəti böyük prosesə start verib. Mənbəmizin dediyinə görə, belə həssas məqamda daxildə əlavə gərginliyin yaranmamasına çalışılır. Dövlətin vacib qurumlarının diqqətinin ölkənin təhlükəsizliyinə daha çox ayırdığı indiki vaxtda ikinci, üçüncü “cəbhələrin” açılmaması qərara alınıb. Xüsusilə də İranla yaşanan gərginlik dövləti xaricdən gələn təhdidlərə səfərbər olmağa yönləndirdiyi üçün daxildəki neqativlərlə mübarizə bir müddət ertələnib”.

Məqalədə cəza mexanizminin işə düşəcəyi tarixi göstərmişdik. Sitat:

“Mənbəmizin iddiasına görə, bu, müvəqqəti haldır. May-iyun aylarından başlayaraq dövlət antikorrupsiya əməliyyatlarına yenidən start verəcək və Prezident İlham Əliyevin siyasətini sabotaj edən məmurlar vəzifədən çıxarılacaq. Hətta bu əsnada həbslərin olacağı da istisna edilmir”.

Budur, vaxt gəlib, zaman yetişib. Proqnozlar doğrulur. Fırtınaqabağı sakitliyə aldanmayaq. Ya da dövlətin başının xarici siyasətə qarışdığını zənn edib, büdcəni daha çox talamağa tamahlanan məmurlar arxayınlaşmasın. Bəzən dövlətin sirenalarının gec işə düşdüyü zənn edilir. Bu, ilk baxışdan belə görünə bilər. Gerçəkdə isə hər kəsin fəaliyyəti gec-tez üzə çıxır.

Globalinfo.az-ın daha əvvəl anonsunu verdiyi növbəti antikorrupsiya əməliyyatları tezliklə başlayacaq. Deyilənə görə, bu əməliyyatlar miqyasına və effektivliyinə görə əvvəlkilərdən xeyli fərqlənəcək. Mənbəmiz bildirir ki, elə adlar eşidəcəyik, elə zatlar görəcəyik, şok olacağıq.

Əslində, onların özləri şok yaşayacaqlar. Çünki dövlət üçün toxunulmaz kimsə yoxdur. Qanun və dövlət maraqları qarşısında hamı eyni hüquqa malikdir. Hüququ keçən məmur bir gün mütləq antiqəhrəman olur…

Aydın Aslan
Globalinfo.az