Gültəkinin “qalası” – keçmiş deputatın Paşinyan sevgisinin sirləri – VİDEO

18.02.2023  19:00

Sabiq deputat, Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin “danışan dili” Gültəkin Hacıbəylinin Ermənistanın Baş naziri Nikol Paşinyanı “Demokratiyanın qalası” adlandırması ictimaiyyətdə haqlı narazılıq yaradıb. Onun bu çıxışı sosial şəbəkələrdə tənqid olunur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ partiyanın sədri Tural Abbaslı deyib ki, heç bir halda Ermənistan və onun rəhbərliyinin Azərbaycanla müqayisə edilməsini doğru saymır.

O, belə bir çıxışın yanlış olduğunu bildirib:

“Bu müqayisələr Azərbaycan maraqlarına hesablansa belə, sabah erməni mediası tərəfindən əleyhimizə istifadə olunacaq. İstər öz daxili auditoriyaları üçün, istərsə də beynəlxalq auditoriyalarda təbliğat vasitələri kimi istifadə edilə bilər. Ona görə də ya Ermənistan haqda neqativ anlamda danışmalıyıq, ya da ümumiyyətlə danışmamalıyıq. Mən öz partiyalarımızın, daxili-siyasi auditoriyalarımızın və rəqiblərimizin Ermənistanla müqayisəsinin tərəfdarı deyiləm, uğurlu da hesab etmirəm”.

Tural Abbaslı

Deputat Ceyhun Məmmədov deyib ki, bunu deyən insan ya Ermənistanda baş verən hadisələrdən xəbərsizdir, ya da xəbəri var, özünü xəbərsizmiş kimi göstərir:

“Bu gün Ermənistanda hansı demokratiyadan söhbət gedə bilər axı?! Ermənistanda müxalifət ciddi şəkildə təqiblərə məruz qalır, demək olar ki, bütün keçmiş müdafiə nazirləri və eks prezidentlər haqqında məhkəmə iddiası qaldırılıb. Bütün bunların fonunda durub demək ki, “Ermənistanda demokratiya var, Paşinyan demokratiya qalasıdır”, artıq həmin insanın Azərbaycana nə dərəcədə bağlı olduğunu və hansı formada münasibət bəslədiyini göstərir”.

Millət vəkili bu çıxışların Ermənistanın maraqlarına xidmət etdiyini bildirib:

“Bu cür fikirlərlə çıxış edən insanlar fərqində olmalıdırlar ki, onlar erməni marqlarına xidmət edirlər. Bununla da Qərbin zaman-zaman Azərbaycana qarşı atdığı müəyyən addımlara öz dəstəklərini vermiş olurlar. Ona görə də, belə bir addımı normal qiymətləndirmək olmaz.

Təəssüf ki, belə açıqlamalar, mövqelər sərgilənir və bu da ümumi götürdükdə Azərbaycanın maraqlarına, həyata keçirdiyimiz siyasətə ziddir:

“Bu gün kimsə müxalifətçi ola bilər. Amma bu, heç bir halda Azərbaycanın milli maraqlarından üstün olmamalıdır. Təəssüf ki, biz bunu müəyyən insanların davranışlarında görürük və milli maraqlar da bir sıra hallarda arxa plana keçir. Bu da birmənalı olaraq qəbulolunmaz yanaşmadır”.

Zaira Akifqızı
Globalinfo.az