Gül soyğunu yekunlaşır – 8 Martdan geriyə qalan acı reallıq…

Martın 8-i dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Bu münasibətlə həmin gün kişilər xanımları kimisi sözlə, kimisi gül-çiçəklə, kimisi də büdcəsinə uyğun hədiyyələrlə təbrik edir.

Başqa bayram təqvimlərində olduğu kimi, 8 martda da fürsətcil davrananlar az deyil. Qiymətləri absurda qədər yüksəldən işbazlar bu gün də at oynatdı. Hansı ki, adi günlərdə qiyməti 4-5 manat olan qızıl gülü bu gün 8-10 manata vətəndaşa sırıyırlar. Buna normal satış, ticarət deməyə adamın dili gəlmir – rəsmən soyğunçuluqdur.

Cib talama ritualı əslində martın 8-nə hələ 2 gün qalmış başlayır. Paytaxtda gül və hədiyyə mağazalarında “canlanma” yaşanır. Xanımını, anasını, ya da iş yoldaşlarını təbrik etmək istəyən insanlar gül mağazalarına üz tutsa da, üzləşdikləri mənzərə bir çoxunun qanını dondurur.

Şəxsi müşahidəmi deyim ki, qızıl gülün bir ədədinin qiyməti 7 manatdan başlayır. Amma bu buket halında alınarsa belədir. Bir ədəd qızıl gül almaq istədikdə qiymət 8 manatdan başlayır. Hə, onu da deyim ki, bir çox işbaz tək halda qızıl gül alanları gözlədir, ya da ağız-burun əyir. Mavi qızıl gülün qiyməti isə nə az, nə çox 10 manatdır. Digər güllərin qiyməti də normal günlərə nəzərən olduqca bahadır.

Məsələnin tragikomik tərəfi isə ondan ibarətdir ki, bir çoxları bu qiymətlərə gül alır. Həm də almağa məcbur olur. Çünki bir çoxunun yanında xanım olur deyə etiraz etmir. Bəzi alıcılar isə narazı olsalar da, xanımları sevindirmək üçün vəziyyətlə barışmalı olur.

Normal günlərdə sahibkarlar qan ağlayır, satışlarının aşağı olduğundan şikayət edirlər. Bir çoxları onlayn ticarətin onların satışını dayandırdığını deyir. Hətta bəzi sahibkarlar vətəndaşların onlayn ticarət etməsinin məhdudlaşdırılmasını tələb edir.

O zaman sual yaranır: bayram günlərində vətəndaşı talayan, cibinə, puluna qənim kəsilən sahibkarı vətəndaş niyə düşünməlidir?

Belə “sahibkarların” ayaqda qalmasına gərək varmı? Fürsət yoxsulu olan bu adamlar bizneslə yox, soyğunçuluqla, talançılıqla məşğul olurlar. Gül soyğunçuluğu edirlər. 7-8 mart günləri gül terroru ilə məşğul olurlar. Martın 9-dan isə hər şey köhnə vəziyyətə qayıdır. Mağazalarda oturub, müştəri gözləyirlər. 365 günün hesabını 1 gündə kəsirlər.

Həmcinslərimə nacizanə məsləhətim isə xanımlarını onlayn ticarət ilə sevindirmələridir. 30-100 AZN arası dəyişən gül buketlərinə pul verib qan ağlamaqdansa, həmin pulu xanımlarına onlayn ticarət etmələri üçün vermələri yaxşı olardı. Yeri gəlmişkən, hazırda əksər onlayn ticarət platformalarında 8 marta özəl 40-50 faiz endirim var.
Yenə də seçim sizindir!

Turan Rzayev
Globalinfo.az