Azərbaycanda ardıcıl və güclü yağışların təsiri ilə bəzi məhsulların qiymətlərində artım ehtimalı müzakirə olunur.
Hansı məhsullar bahalaşacaq? Bazar iqtisadiyyatı hava amillərindən nə dərəcədə asılıdır?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, əlverişsiz hava şəraiti müəyyən hallarda qiymətlərə təsir göstərə bilir:
“Bu, xüsusilə kənd təsərrüfatı məhsullarında daha çox özünü biruzə verir. Çünki kənd təsərrüfatı məhsulları birbaşa təbiətdən asılıdır. Yağış, sel, dolu və ya quraqlıq kimi hallar məhsulun bir hissəsini məhv edə, məhsuldarlığı azalda, yığım və daşınmanı çətinləşdirə bilər. Hava hadisələri əsasən meyvə, tərəvəz, taxıl və dənli bitkilər, kartof, soğan kimi əsas ərzaqların qiymətinə təsir edir.
Məsələn, güclü yağışlar səbəbilə sahələr su altında qalarsa, mövsümi pomidor və ya xiyar kimi məhsulların təklifi azaldığından qiymətlərin yüksəlmə ehtimalı var. Güclü yağışlar erkən kartofun bazara çıxmasını gecikdirə bilər, lakin bu, hər zaman baş vermir. Çünki məhsulların bir hissəsi idxal olunur, dövlət ehtiyatlarından istifadə edilir və istixana təsərrüfatları mövcuddur. Bu səbəbdən yağışlar qısa müddətli bahalaşma yaratsa da, uzunmüddətli dövrdə qiymətlər adətən sabitləşir”.
Vüsalə Əhmədova
İqtisadçı bildirib ki, ümumilikdə bazar iqtisadiyyatının tam şəkildə hava şəraitindən asılı olduğunu demək doğru deyil, lakin bəzi sahələr bu amilə daha həssasdır:
“Məsələn, kənd təsərrüfatı, balıqçılıq və turizm kimi sahələr hava dəyişikliklərindən daha çox təsirlənir. Yəni hava şəraiti bazara dolayısı ilə təsir edərək qısamüddətli qiymət dəyişikliklərinə səbəb olur, amma bütün sahələrə eyni dərəcədə təsir göstərmir”.
Ləman İmran
Globalinfo.az