Siyəzən rayonu ərazisində Ataçaya gələn güclü sel diametri 159 millimetr olan qaz xəttini qıraraq, sıradan çıxarıb.
Globalinfo.az xəbər verir ki, xətdə yaranan qəza səbəbindən hazırda Siyəzən şəhəri, Gənclik qəsəbəsi, Böyük və Kiçik Həmyə kəndlərində 1800 abonentin təbii qazla təminatında fasilə yaranıb.
Şabranda da çaylarda suların səviyyəsinin kəskin artması nəticəsində qaz xətləri zədələnib. Bu səbəbdən Şabran şəhərinin bəzi hissələrində, Əmirxanlı, Qazbabalı, Ceyranlı və Vələsli kəndlərində 7260 abonentin qazla təminatında məhdudiyyət var.
Hazırda idarə əməkdaşları tərəfindən abonentlərin yenidən mavi yanacaqla təminatı üçün iş aparılır.
Abonentlərdən qaz avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsiz tədbirlərinə riayət etmək tövsiyə olunur.
Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a sözügedən ərazilərdə yaşayan sakinlər müraciət ediblər.
Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində səhər saat 11-dən, Sulutəpə qəsəbəsi, Laçın rayon 10 saylı məktəbi, Xocahəsəndə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının ətrafı, Abşeron rayonu, Məmmədli qəsəbəsinin ərazilərində isə gecə saatlarından bəri işıq yoxdur.
Sakinlər qeyd ediblər ki, aidiyyəti quruma müraciət etsələr də, problem həll edilməyib.
Qeyd edək ki, məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb.

