İsrailli hərbi müşahidəçi David Şarp deyib ki, Ukraynanı əlverişsiz şərtlərlə danışıqlara məcbur etmək olmaz, çünki bunun sadəcə mənası olmayacaq.
“Yaxın Şərq buna bariz nümunədir. Son onilliklərdə hakimiyyətə gələn, demək olar ki, hər bir ABŞ prezidenti hansısa sülh yolu ilə nizamlanmaya – ərəb-İsrail münaqişəsinin həllinə nail olmağa çalışıb. Amma münaqişə çox dərin və təkliflər hər iki tərəf üçün qəbuledilməz olanda, heç nə alınmır. Hər iki tərəfə yaramayan razılaşma yaxşı bir şeyə gətirib çıxarmaz”, – o bildirib. Şarp əlavə edib ki, hələlik mümkün sülh planı ilə bağlı heç bir konkretlik yoxdur və bunun əvəzinə mediada yalnız ümumi şərtlər eşidilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, ABŞ-da keçirilən prezident seçkilərindən sonra diqqətlər Trampa yönəlib:
“Əsas müzakirə mövzusu isə seçki dönəmində verilən iddialı vədlərdir. Bunlardan biri və bəlkə də ən vacibi Rusiya-Ukrayna savaşı ilə bağlıdır. Tramp seçki kampaniyası dövründə bu savaşı 24 saat ərzində dayandırmağı vəd etmişdi. Bu məsələnin həlli ilə cənab Tramp iki əsas hədəfə çatmağı planlayır.
Elvin Baxşalızadə
İlk olaraq genişmiqyaslı müharibəni dayandırmaq və bütün dünyanı genişlənməsi ehtimal olunan daha böyük və dağıdıcı savaşdan xilas etmək. İkinci hədəf isə ABŞ-dan Ukraynaya gedən maliyyə və hərbi yardımları dayandırmaqdır. Bununla Tramp beynəlxalq miqyasda nüfuzunu xeyli artırmış olacaq, “xilasedici” kimi tarixə düşəcək. Həm də ABŞ-ı mənasız saydığı maliyyə yükündən xilas etmiş olacaq. Bununla da ölkə daxilində ciddi dividentlər qazanmış olacaq.
Həll yoluna gəldikdə isə fikrimcə, hazırda ən optimal çıxış yolu Rusiya-Ukrayna münaqişəsini “dondurmaqdır”. Yekun sülhdən danışmaq hazırda mümkün deyil. Trampın da nəzərdə tutduğu həll yolu məhz budur. Savaşı “dondurmaq” və uzun illər davam edəcək danışıqlar prosesinə başlamaq. Başqa cür tərəfləri masa arxasına gətirmək mümkün olmayacaq”.
Turan Rzayev
Globalinfo.az