Göygöldə güclü yağış ciddi fəsadlar törətdi: xəsarət alanlar var

Güclü sel axınının yerüstü orta təzyiqli qaz xətlərini zədələnməsi səbəbindən Göygöl rayonunun Topalhəsənli, Şəhriyar, Kərəmli və Aşağı Zurnabad kəndlərinin qaz təchizatı 25 may saat 20:35-də dayandırılıb.

Bu barədə Globalinfo.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, 952 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.Təmir-bərpa işləri davam etdirilir.

***

İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, dərhal Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirib, nəqliyyatın hərəkəti bərpası edilib.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir, araşdırmalar davam etdirilir.