Göyçayda həkimi şantaj edib, pulunu aldılar

Göyçayda şantajla üzləşən həkim polisə müraciət edib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, rayonda yaşayan və xəstəxanada işləyən Azər Behbudov (şərti) qohumunun onu şəxsi həyatına dair məlumatlarla şantaj edərək xeyli pul alığını və hədələməkdə davam etdiyini bildirib. Məlum olub ki, həkimin Ləkiçılpaq kəndində yaşayan qohumu, 1987-ci il təvəllüdlü Vahid Bəkirov onu şantaj edib. Belə ki, V.Bəkirov öz qohumunu özəl həyatına dair görüntülərlə hədələyərək hissə-hissə 4900 manat pul alıb.

Ailədə, işlədiyi xəstəxanada və rayonda rüsvay olmaq istəmədiyini deyən həkim Vahidə pul verməyə razı olub. Lakin həmin şəxsin hədələrinin ardı-arası kəsilmədiyindən polisə müraciət edib.

Göyçay rayon Polis Şöbəsində Vahidin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb. İstintaq zamanı məlum olub ki, Vahid qohumu olan həkimin Göyçaydakı bağ evində fəhlə işləyib və burada onun yanına gələn Qəbələ sakini Nəzəri görüb. Daha sonra Vahid Nəzərin evində işləyib və orada qalıb. Bu zaman o, Nəzərlə Azərin görüntülü danışdıqlarının olduğunu bilib. O, həmin şəxslərin danışığını videoya çəkib və daha sonra Azərə göndərərək onu şantaj etməyə başlayıb.

Başlanmış cinayət işinin materialları daha sonra Göyçay Rayon Məhkəməsinə göndərilib. Hakim İbrahim Fəttahovun sədrliyi ilə keçirilən prosesi fevralın 1-də başa çatıb. Məhkəmədə Azər Vahidi bağışladığını deyib.

Göyçay Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İstintaq və məhkəmə prosesi zamanı polisin nəzarəti altında olan Vahid Bəkirov məhkəmə zalındaca həbs edilib.

Malik
Globalinfo.az