Göyçayda dəhşətli cinayət: “Bıçaq çıxıbsa, girməlidir”

Bu il fevralında Göyçay rayonu, Çayarxı kəndində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovu qətlə yetirən həmyerlisi, 1985-ci il təvəllüdlü Nicat Əliyevə hökm oxunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə N.Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə bildirilib ki, Cavanşirlə Nicat uzaq qohum olublar. Hər iki şəxs tanışları ilə hadisə baş verən gün gündüz saatlarında rayonun Mırtı kəndində yerləşən kafedə yeyib-içiblər. Həmin məclisdə hesabın ödənilməsinə görə mübahisə yaranıb və Cavanşir bıçaq çıxarıb. Rayonda “Vicay” adı ilə tanınan Nicat isə “bıçaq çıxıbsa, girməlidir”, deyərək təkidlə Cavanşirin onu bıçaqlamasını tələb edib. Lakin C.Şükürov bıçağı onun bud nahiyəsinə yüngül vuraraq məsələni bağlamağı xahiş edib.

İttihama görə, bundan sonra Nicat 100 manata aldığı şalvarının cırıldığını bildirib və həmin söhbətin bağlanmadığını, “bıçaq çıxıbsa, vurmalısan”, deyərək münaqişəni davam etdirib. O, özünü kriminal aləmə mənsub şəxs kimi təqdim edərək prinsip aparıb və özündə Cavanşiri öldürmək barədə fikir formalaşdırıb. Həmin gün hər iki şəxs kafeni birgə tərk etdikdən sonra Nicat Cavanşirlə Göyçayın Çayarxı kəndindəki “Okean” kafesində görüşüb yeyib-içmək barədə razılaşıblar. C.Şükürov həmin yerə daha əvvəl gedib, bir qədər sonra kafedəki kabinetə daxil olan N.Əliyev özü ilə gətirdiyi tüfənglə bir dəfə atəş açaraq Cavanşiri qətlə yetirib.

Məhkəmənin 16 noyabr tarixli hökmü ilə N.Əliyevə 17 il müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, hər iki şəxs biznes fəaliyyəti ilə məşğul olub.