Gigiyena vasitələrindən istifadənin azalması infeksiyaların artmasına səbəb oldu

“Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur”.

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Lalə Nurməmmədova hava-damcı yolu ilə keçən virus və infeksiyaların uşaqlarda hərarət, halsızlıq, iştahasızlıq, öskürək kimi şikayətlərin artmasına səbəb olduğunu bildirib:

“Tez-tez xəstələnən uşaqların valideynləri bu kimi hallarda bəzən qeyri-tibbi müalicə üsullarına (çöpçülərə və s.) meyil göstərirlər.

Çöpçülər tərəfindən yuxarı tənəffüs yolu orqanlarından müxtəlif şəkildə əşyalar, meyvə tumları, ərzaq qırıntıları və s. kimi yad cisimlərin “çıxarılması” hallarına təsadüf olunur. Belə hallar orqanlarda zədələnmələrə, doğrudan da, yad cisim olarsa, onun ağciyərlərə keçməsinə, əlavə infeksiyaların və digər xəstəliklərin yaranmasına səbəb ola bilər.

Valideynlərə tövsiyəm budur ki, uşaqlarının narahatlıqları ilə bağlı ilk olaraq həkim-pediatra müraciət etsinlər. Pediatr yad cismin olması ilə bağlı şübhələndikdə pasiyenti qulaq, burun, boğaz, uşaq cərrahı həkiminə yönləndirə bilər. Belə olan halda körpələri və uşaqları təhlükəsiz şəkildə sağaltmaq mümkündür”.