Generalların sərhədə səfəri Ermənistanı buna görə qarışdırıb – İki səbəb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistanla sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar. Diqqətçəkən məqam isə bu səfərin Ermənistanda ciddi narahatlığa səbəb olmasıdır.

Maraqlıdır, vaxtaşırı baş tutan bu səfərlər nə üçün indi Ermənistanda narahatlığa səbəb olub? Rəsmi İrəvan belə bir təəssürat yaratmağa çalışır ki, Azərbaycan hücuma hazırlaşır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində, burada təəccüblü nəsə yoxdur:

Kənan Novruzov

“Azərbaycan hərbi rəhbərliyi istənilən ölkə ilə sərhədə gedə, mövcud şəraitlə tanış ola bilər. Ermənistanın məsələyə reaksiyası isə bu dövlətdə yaranmış xofla bağlıdır. Rəsmi İrəvan İkinci Qarabağ müharibəsindəki məğlubiyyət sindromundan və ondan sonra baş verənlərin təsirindən hələ də çıxa bilməyib.

İkincisi, ola bilsin, Ermənistan çox vaxt olduğu kimi yenə də süni ajiotaj yaratmağa çalışır. Çünki bu yolla Azərbaycan əleyhinə ittihamlarını gücləndirə biləcəklərini düşünürlər. Bu, Ermənistanın öyrəşdiyimiz riyakarlıqlarındandır. Qarşı tərəf sadəcə olaraq beynəlxalq ictimaiyyətin diqqətini çəkmək istəyir. Amma bu, boş səydir.

Generallarımızın Ermənistanla sərhəddə olması heç bir halda təhdid kimi qiymətləndirilməməlidir. Bu, öz işimizdir. Digər tərəfdən isə İrəvana mesajdır: qoy, Ermənistan bilsin ki, Azərbaycan hərbçisi daim ayıq-sayıq vəziyyətdədir və istənilən təxribatın, o cümlədən perspektivdəki sülh müqaviləsinə mane ola biləcək provokasiyanın qarşısını almağa hazırdır”.

Turan Rzayev
Globalinfo.az