Generalımızın nüvə dövlətinə səfərinin pərdəarxası: Pakistanın mövqeyi dəyişibmi?

Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda rəsmi səfərdədir. K.Vəliyev səfər çərçivəsində Pakistan ordusunun Quru Qoşunlarının komandanı ilə də görüşüb, Ermənistanla şərti sərhəddəki vəziyyəti müzakirə edib.

Həmçinin İmran Xandan sonra yeni, Qərb yönümlü olduğu deyilən baş nazirin dövründə bu ölkənin Azərbaycanla münasibətlərinin əvvəlki kimi olmayacağı ilə bağlı fikirlər də səsləndirilirdi.

Hazırkı proseslər fonunda bu səfər necə dəyərləndirilməlidir? İmran Xandan sonra iki ölkə arasında münasibətlər necədir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, iki ölkə arasında münasibətlər keçmişə dayandır və hökumətlərin dəyişməsinə bağlı deyil:

“Pakistanda ordu və dövlət arasında fərq var. Yəni ordu dövləti nəzarətdə saxlayır. Əgər hökumətdə böhran yaranar, itaətsizlik müşahidə olunarsa, ordunun hökumətin fəaliyyətinə müdaxilə etmək səlahiyyəti var. Biz Pakistanda bu halı zaman-zaman müşahidə etmişik. Hətta ordu prezidentin asılmasını belə həyata keçirib.

Bəzi dövlətlərin Azərbaycana münasibəti hökumətin dəyişməsinə bağlı deyil. Bu gün Pakistanın Baş naziri vəzifəsini İmran Xan deyil, keçmiş baş nazir Nəvaz Şərifin qardaşı Şahbaz Şərif icra edir. Ümumiyyətlə Şəriflər ailəsi uzun müddət hakimiyyətdə olublar və dövlət idarəetməsində önəmli fiqur hesab edilirlər. Nəticə olaraq bu dövlətin Azərbaycana münasibətinin dəyişdiyini düşünmürəm”.

Politoloq mövcud proseslər çərçivəsində iki ölkə arasında əlaqələr və Baş Qərargah rəisinin hazırkı səfərini dəyərləndirib:

“Pakistan hələ də Ermənistanı bir dövlət kimi tanımır. Səbəb kimi açıq şəkildə bunu Azərbaycana görə etdiklərini bildirirlər. Sadəcə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra bu addımı atacaqlarını bəyan ediblər. Bu çox vacib amildir. Eyni zamanda II Qarabağ müharibəsində Pakistanın açıq şəkildə mənəvi və siyasi dəstəyini gördük. İstər Bənazir Bhuttonun, Pərviz Müşərrəfin, istərsə də İmran Xanın hakimiyyətləri dövründə iki ölkə arasında çox geniş əlaqələrimiz olub. Hətta sabiq prezident Pərviz Müşərrəf Azərbaycana gələndə Gəncəyə də səfər etmişdi. Siyasi müstəvidə əlaqələrimiz kifayət qədər yaxşı olub, gələcəkdə iqtisadi əməkdaşlıqda da bu inkişaf gözlənilir. Həmçinin hərbi-texniki sahədə əməkdaşlıq da dərinləşdirilir. Pakistanda silah sənayesi inkişaf edir, nüvə silahına malik ölkədir. Bunun bizə böyük faydası ola bilər. Biz də həmçinin Kəşmir məsələsində Pakistanın yanında olduğumuzu bəyan etmişik. Mövcud şəraitdə iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi çox vacibdir”.

Ayşən Mustafa
Globalinfo.az