Prezidentin Gədəbəylə bağlı çıxışına Söyüdlüdən reaksiya gəldi – “Ölkə başçısından gözlənti bu idi”

Prezident İlham Əliyev iyul ayının 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirdi. Həmin müşavirədə ölkə başçısı Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrə toxundu. Prezident bildirdi ki, proseslərin bu həddə gəlib çatmasında aidiyyəti qurum və məmurların rolu var. O, birmənalı şəkildə Söyüdlü sakinlərinin tərəfində olduğunu açıq şəkildə bildirdi. Əsas tənqid edilən şəxslər isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə baş nazir Əli Əsədov oldu. Onlara məsələ ilə bağlı problemləri vaxtında həll etmədikləri üçün irad bildirildi.

Söyüdlü hadisələri yeni başlayan zaman Gədəbəyin tanınmış nümayəndələri bu hadisələrlə bağlı öz mövqelərini bildirirdilər. Bəs həmin şəxslər prezidentin çıxışından sonra nə düşünürlər?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya sözçüsü, əslən Gədəbəydən olan jurnalist Cavanşir Abbaslı deyib ki, ölkə prezidentinin belə bir çıxışı hər kəs kimi, Söyüdlü sakinləri tərəfindən də gözlənilən idi:

“Bir neçə gündür ki, Gədəbəydəyəm, Söyüdlüdən olan yaxın dostlarla da görüşmüşük. Onlar da deyirdilər ki, səbirsizliklə ölkə rəhbərinin ədalətli və obyektiv mövqeyini gözləyirlər. Hazırda onların gözləntisi doğrulub.

İlk günlərdən verdiyim açıqlamalarda da bu məsələdə mədənin sahibi, nazir Muxtar Babayev, eləcə də Gədəbəyin keçmiş başçıları Kamran Rzazadə, Ramiz Yediyarov, İbrahim Mustafayev, bir müddət səlahiyyətləri icra edən Natiq adlı şəxs və son olaraq da Orxan Mürsəlovun məsuliyyət daşıdığını bildirmişdim”.

Cavanşir Abbaslı

C.Abbaslı deyib ki, sakinlər həmin şəxslərin başçı olduğu dövrdə dəfələrlə onlara müraciət ediblər:

“Muxtar Babayevin məsuliyyəti kifayət qədər çoxdur. Ölkə başçısı da konkret olaraq bunları vurğuladı. Prezidentin bu çıxışı hər kəsi sevindirdi. Konkret olaraq məsuliyyət sahibinin, günahkarın adını çəkdi və ciddi bir səhlənkarlığa yol verildiyini bildirdi.

Mən də Muxtar Babayevin Gədəbəyə səfərindən sonra verdiyim açıqlamada bildirmişdim ki, gecikmiş ədalət, ədalət deyil. 11 il ərzində belə bir problemləri ilə susan şəxs və ya şəxslər indi növbəyə düzülüb, Gədəbəyə gəlirlər. Həmin gün nazirin verdiyi açıqlama hər kəsin qəzəbinə səbəb oldu. Bildirmişdi ki, burada göl insanların həyatına heç bir təhlükə yaratmır. Güya 1 saat ərzində müşahidə və araşdırma aparıb, belə bir nəticəyə gəlib”.

C.Abbaslı nazirin açıqlamasını gülünc adlandırıb:

“Rayonda insanlar Azərbaycan Prezidentinin söylədiklərini dəstəkləyirlər və belə bir nəticəyə görə sevinirlər. Düşünürəm ki, İlham Əliyevin bu mövqeyindən sonra məsuliyyət daşıyan, günah sahibi olan hər kəs cəzasını alacaq. Hətta onlar vəzifədən getməklə məsuliyyətdən boyun qaçıra bilməyəcəklər. Ortada ciddi bir hadisə yaşanıb, insanlar həbs olunub, döyülüb, polislərlə qarşıdurma yaşanıb. Təbii ki, bu qarşıdurmanın da əsas səbəbkarı ekologiya və təbii sərvətlər naziridir. Hər kəs hüquqi müstəvidə öz cəzasını almalıdır və alacağına inanırıq”.

Zaira Akifqızı
Globalinfo.az