
*** 17.10.24
2020-ci il oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edildi. Bu, müharibənin taleyində ciddi dönüş yaratdı. Baxmayaraq ki, həmin gün Ermənistan Silahlı Qüvvələri Gəncəni növbəti dəfə raket atəşinə tutdular, xeyli sayda mülki vətəndaşımız həyatını itirdi, evlər dağıdıldı, amma hücum Azərbaycan cəmiyyətində çaşqınlığa, qorxuya səbəb olmadı.
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Füzuli şəhərinin azad edilməsi zəfər tariximizin şanlı səhifələrindən biridir.
Ekspert bildirib ki, Cəbrayıl rayonu azad olunduqdan sonra erməni silahlı birləşmələri əsasən Füzulinin müdafiəsi istiqamətində cəmləşdirmişdi:
“Çünki Azərbaycan müharibənin ilk günlərindən Füzuli rayon mərkəzinə qədər təxmini 4 km irəliləmişdi. Lakin burada müdafiə olunan erməni qüvvələrinin sayı kifayət qədər çox idi. Buna görə də Azərbaycan Ordusunun rəhbərliyi Hadrut istiqamətində irəlilədi. Hadrutun azad olunması isə Füzulidə yerləşən düşmənin hərbi birləşmələrinin darmadağın edilməsi üçün münbit bir şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələrinin Xocavənd rayonunun bir neçə kəndini azad etməsindən sonra Ordumuz Füzuli şəhərinə maksimum yaxınlaşdı. Şəhərin bir neçə istiqamətdən hissə və bölmələrimiz tərəfindən mühasirəyə alınması şəhər uğrunda döyüşlərin başlaması ilə nəticələndi”.

Ədalət Verdiyev
Hərbi ekspert deyib ki, bəlkə də, Vətən müharibəsində ən ağır döyüşlərdən biri məhz Füzuli şəhəri uğrunda oldu:
“Lakin düşmənin çox güclü müqavimətinə baxmayaraq, artıq düşmən səhər saatlarında xeyli sayda şəxsi heyət, texnika itkisinə məruz qaldı. Nəticədə düşmənin şəhərimizi təslim etməkdən başqa çarəsi qalmadı. Paralel olaraq Füzuli şəhər mərkəzinin azad olunması ilə 9 kənd də Ordumuz tərəfindən işğalçılardan təmizləndi. Füzulinin azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin daha geniş coğrafiyada əks-hücum əməliyyatlarının keçirilməsinə münbit şərait yaratdı. Məhz Füzulinin azad olunmasından sonra artıq düşmən ordusunda fərarilərin sayı 7 minə yaxınlaşırdı. Digər tərəfdən isə Silahlı Qüvvələrimizin şəxsi heyəti və xalqımızın Azərbaycanın bu müharibəni qələbə ilə sonlandıracağına ümidini daha da artırdı”.
Zaira Akifqızı
Globalinfo.az