Qarabağın “hava qapısı” bərpa edilir – Yeni mərhələ

“Bu gün Azərbaycanda ilk dəfə “Füzuli Şəhəri Günü” qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır:

“3 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoydu.
Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın “hava qapısı” olan Füzuli şəhəri son 2 ayda minədək doğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyub.

Vüqar Bayramov

Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq.

Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək”.

Turan Rzayev
Globalinfo.az