Fransanın qorxunc Qafqaz planı: Azərbaycan Parisin sirlərini ifşa edib

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən Fransa və Ermənistanı növbəti dəfə sərt tənqid etdi.

Ümumiyyətlə, son zamanlar Fransanın sərgilədiyi ermənipərəst mövqe ciddi suallar yaradır. Rəsmi Paris açıq şəkildə özünü Azərbaycanın düşməni kimi aparır. Lakin xüsusən Qərbə yaxın müəyyən dairələr daha çox Rusiyanın Azərbaycana münasibətdə düşmənçilik ritorikası sərgilədiyini iddia edirlər və ölkəmizin yeganə yolunun Qərbə yaxınlaşmaq olduğunu bildirirlər.

Bütün bunların fonunda bir maraqlı sual ortaya çıxır: Azərbaycanın və regionun əsas düşməni hansı ölkədir – Rusiya, ya Fransa?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Azərbaycan üçün hazırda əsas məsələ heç bir yad ünsürün regiona girməməsidir:

“Regionda sülh prosesini rəsmi Bakı, İrəvan, Tiflis özləri tənzimləməlidirlər. Əlbəttə ki, regiona qonşu olan ölkələr də bu prosesdə konstruktiv olacaqları təqdirdə iştirak edə bilərlər. Türkiyənin təqdim etdiyi 3+3 layihəsi regiona qonşu olan digər ölkələr – Türkiyə, İran və Rusiyanın iştirakını özündə ehtiva edirdi.

Lakin Azərbaycanın dövlət siyasəti hər hansı ölkənin hərbi birləşməsinin Azərbaycan ərazisində, hətta Cənubi Qafqazda olmasına qarşıdır. Onu da deyim ki, bu, 90-cı illərdən bu yana belə olub.

Lakin bu gün Fransa ambisiyalarını açıq şəkildə genişləndirərək regiona bu və ya başqa formada daxil olmaq istəyir. Belə ki, Rusiyanın zəifləməsindən istifadə edən rəsmi Paris regiondan özünə pay qoparmaq niyyətindədir. Müqayisə üçün deyim ki, Fransa Suriya, Liviya, Afrikanın qərbində buna nail olub. Bu gün isə bənzər formada Ermənistan vasitəsilə Cənubi Qafqazda bu avantajı əldə etməyə çalışır.

Misal üçün, bir müddət öncə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə açıq şəkildə göstərilir ki, Azərbaycan Fransa hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşməsinə icazə verməsə, sənəd qüvvəyə minəcək”.

Politoloqun sözlərinə görə, rəsmi Bakı ATƏT-in Minsk Qrupu üzərindən Fransanı bir dəfə regiondan çıxartdı və çətin ki, bir də qayıtmasına razılıq versin:

“ATƏT-in Minsk Qrupunu üzvü kimi Fransa Cənubi Qafqazda baş verən siyasi proseslərdə söz deyə bilirdi. Lakin bu qurum faktiki olaraq fəaliyyət göstərmir və rəsmi Bakı da bundan sonra fəaliyyət göstərməsində maraqlı deyil. Fransanın bundan sonra regiona qayıtmasına və ya regiondan pay almasına Azərbaycan icazə verməyəcək.

O ki qaldı Rusiyaya, rəsmi Moskva indiki məqamda Ermənistan ilə Azərbaycan arasında balansı qorumağa məcburdur. Əks təqdirdə, Kreml yaxşı bilir ki, ya Ermənistanı, ya Azərbaycanı, ya da hər ikisini birdən itirə bilər. Bunu Azərbaycan da bilir. Kremlə qarşı təzyiq rıçaqlarımız daha çoxdur”.

Turan Rzayev
Globalinfo.az