Fransanın Gürcüstan “əməliyyatının” hədəfləri: – Rusiya və Türk dünyası…

Ermənistana hərbi texnika, silah göndərməsi nəyin əlamətidir? “Fransa hələ də Ermənistan üzərindən oyunlar oynamağa davam edir. Bu addım İrəvanın Qərb gücləri ilə birlikdə Rusiyaya qarşı Cənubi Qafqazda arxa bağça açmaq planının tərkib hissəsidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Fransanın Gürcüstan üzərindən Ermənistana hərbi texnika, silah göndərməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, məqsəd 1999-cu il memorandumunu və üçtərəfli bəyanatın şərtlərini qüvvədən salmağa və Qərbin hərbi kontingentinin bölgəyə yerləşdirilməsinə yönəlib:

Züriyə Qarayeva

“Həmin güclər Minsk formatının dirçəldilməsinə, Cənubi Qafqazın barıt çəlləyinə çevrilməsinə və bu fonda bölgədə qalmağa köklənən siyasət yürüdür. Paris isə Moskvanın silah monopoliyasını aradan qaldırmaq, birləşmək yolunda uğurlu addımlar atan Türk dünyasını parçalamaq və növbəti Gürcüstan nümunəsi yaratmaq missiyasını gerçəkləşdirməyə çalışır.

Hazırda Gürcüstanın özündən də istifadə edilməsi Tiflisin önündə Aİ ilə bağlı təhdidlərin olduğunu göstərir. Rusiya isə hələ ki susqundur. Çünki hazırkı vəziyyət Moskvanın maraqlarına xidmət edir. Ukrayna cəbhəsində məğlub olan Putin Cənubi Qafqazdakı faktiki məğlubiyyətinə Paşinyanın Qərb yönümlü siyasəti sayəsində don geyindirməyə çalışır.

Azərbaycanın haqlı şərtlərini qəbul etmək məcburiyyətində olan Kreml guya Paşinyanın yarıtmaz siyasəti nəticəsində belə bir durumun yaşandığı görüntüsünü yaradır. Onsuz da siyasi, iqtisadi, hərbi durumu bərbad vəziyyətdə olan Ermənistanın yürütdüyü bu siyasət Rusiyanın müdaxiləsi olmasa belə ölkəni uçuruma apardığı üçün Moskva bundan sonra da yaşanacaq nəticələri Paşinyana bağlamaq məqsədi güdür”.

Turan Rzayev
Globalinfo.az