Fransanın həmin addımı acizliyinin göstəricisidir – Rəy

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev Fransanın Azərbaycan diplomatlarını “arzuolunmaz şəxs” elan etməsini onun zəifliyinin göstəricisi hesab edir.

Globalinfo.az xəbər verir ki, o, “Report”a açıqlamasında bildirib ki, Emmanuel Makronun prezidentliyi dövründə Fransa siyasəti bütün istiqamətlərdə iflasa uğrayıb: “Fransa qoşunlarının dörd Qərbi Afrika ölkəsindən qovulması, müstəmləkə ərazilərində Fransa hakimiyyətinə qarşı etirazların güclənməsi, ölkə daxilində aparılan islahatların uğursuzluğu və daxildə səngimək bilməyən etirazlar Fransa hökumətini iflic vəziyyətə gətirib. İş o yerə çatıb ki, prezident Makron sosial təminat sahəsində “islahat” adı altında həyata keçirdiyi qanun dəyişikliklərini parlamentdə müzakirə edilmədən imzalamağa məcbur olub”.

C.Feyziyev deyib ki, Fransanın beynəlxalq siyasət istiqamətində bütün cəhdləri uğursuzluqla nəticələnib: “Şərqi Aralıq dənizində Türkiyə- Yunanıstan ixtilafına uğursuz müdaxilə cəhdi, Liviyada Türkiyə ilə rəqabəti birdəfəlik uduzması, Rusiya-Ukrayna müharibəsinə birmənalı olmayan dəyişkən münasibəti Fransanı dəfələrlə beynəlxalq miqyasda biabır edib. Son üç ildə ölkəmizə qarşı Ermənistanın haqsız mövqeyini BMT Təhlükəsizlik Şurasında dəstəkləmək cəhdləri də digər üzv dövlətlər tərəfindən dəfələrlə rədd edilib. Bütün bunlar Fransa siyasətinin bütün istiqamətlərdə yarıtmaz olduğunu göstərir”.

Milli Məclisin üzvü, həmçinin vurğulayıb ki, Makron hökumətinin Azərbaycanın iki diplomatının ölkədən çıxarılması haqqında qərarı isə bir daha Fransanın hadisələrin ardınca süründüyünü sübuta yetirir: “O, bu addımı casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına “cavab addımı” kimi atıb. Fransalı diplomatların qeyri-qanuni fəaliyyəti beynəlxalq səviyyədə isübut olunmuş faktdır. Lakin Fransa hökumətinin diplomatlarımızı nədəsə günahlandırmağa heç bir əsası və dəlili yoxdur. Ona görə də Fransa hökuməti tərəfindən iki diplomatımızın “arzuolunmaz şəxs” elan edilməsi onun zəifliyinin və fakt qarşısında acizliyinin göstəricisidir”.