Fransa Senatının Azərbaycan əleyhinə hazırlayacağı qətnamədə nələr ola bilər – Makron hədəfə çıxır

Fransa Senatı noyabrın 15-də Azərbaycanla Ermənistan arasındakı münasibətləri müzakirə edəcək. Ekspertlərin fikrinə, görə, Azərbaycana qarşı Fransa Senatında müzakirəyə çıxarılacaq qətnamə layihəsi hazırlanıb.

Politoloq Əlimusa İbrahimov mövzunu Globalinfo.az-a şərh edərkən bildirib ki, bu müzakirələri Kütləvi İnformasiya Vasitələrinin erməni seqmenti Fransanı Azərbaycana qarşı müharibə elan edəcəyi kimi təqdim edirlər.

“Fransada nəşr olunan qəzetlərdə isə gah Fransanın Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyi, gah da Qarabağa humanitar missiya göndərmək haqqında qərar qəbul edəcəyi barədə danışırlar. Deməli, ermənilərin çox böyük ümid bəslədiyi Senat hələ hansı qərar qəbul edəcəyini müəyyənləşdirməyib. Buna baxmayaraq, Senatın qəbul etdiyi qətnamə və qərarların hamısı elə Fransanın özünə və himayədarlıq etdiyi Ermənistana qarşı yönələcək, – deyə Ə.İbrahimov vurğulayıb.

O, hipotetik olaraq Fransanın Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdən keçirməyi təklif edib:

“Fransa təbii ki, Azərbaycana satdığı mallara deyil, bizdən aldığı mallara bu sanksiyaları tətbiq edə bilər. Azərbaycanın satdığı məhsullar arasında neft məhsulları üstünlük təşkil edir. Amma Azərbaycan Fransaya bu məhsulları satmır və Fransanın bu sanksiyasından təsirlənməyəcəyik. Fransanın neft-qaz sahəsinə tətbiq etdiyi sanksiyalar heç Avropanın İtaliya, Yunanıstan kimi ölkələrinə də təsir etməyəcək. Çünki Fransa Senatının bu qərarı onlar üçün şərt deyil. Əksinə, bu addım Fransa ilə digər Avropa ölkələri arasında olan gərginliyi daha da artıracaq. Neft və qaz sahəsində mövcud olan son durum Avropada yaşayan millətlər tərəfindən Makronun və ona təsir göstərən ermənilərin lənətlənməsinə səbəb olacaq”.

Politoloq bildirib ki, Fransa Senatının Xankəndinə humanitar missiya göndərilməsi haqqında qərar qəbul edəcəyi barədə şayiələr də dolaşır.

“Bu da Fransanın öhdəsindən gələ biləcəyi məsələ deyil. Çünki Azərbaycan torpağına hümanitar olsa belə, missiya göndərmək Fransanın imkanları xaricindədir. Çünki Azərbaycan keçən əsrlərin Əlcəzairi, Sudanı və Tunisi deyil ki, ora humanitar və ya hərbi missiya göndərsin. Biz Fransa Senatının bu qərarı ilə heç vaxt razılaşmayacağıq. Amma əgər beynəlxalq hüquq kobud surətdə pozularaq belə bir qərar qəbul olunarsa, Azərbaycan hazırda Ermənistanda mövcud olan Avropa İttifaqının mülki missiyasının fəaliyyətinə son verilməsi üçün addımlar ata bilər”.

Əlimusa İbrahimovun sözlərinə görə, artıq Fransa ilə də onun başa düşdüyü dildə danışmaq lazımdır və Azərbaycan Prezidenti Əlcəzairə səfəri zamanı bu yöndə fikirlərini səsləndirib: “Diplomatiyamız Fransanın yeritdiyi ayrı-seçkilik siyasətinin təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman dünyasına qarşı yönəldiyini sübut etmək istiqamətində tədbirlər görməlidir”.

Gülnar Səlimova, Globalinfo.az