iran

“Human Rights Watch” (HRW) təşkilatı İranda etirazçılara qarşı zorakılığın artması ilə bağlı beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb. Təşkilatın icraçı direktoru Filip Bolopion BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

Bolopion etirazçılara qarşı qanlı repressiyalarla bağlı daxil olan məlumatların ciddi araşdırma tələb etdiyini bildirib. Onun sözlərinə görə, İran hakimiyyətinin interneti bağlaması zorakılığın real miqyasının dünyaya çatdırılmasına mane olur.

HRW rəhbəri saxlanılan etirazçıların taleyindən ciddi narahatlıq ifadə edərək, onlara qarşı irəli sürülən “müharibə” ittihamlarının edam hökmləri ilə nəticələnə biləcəyini vurğulayıb.

İrandakı vəziyyəti “tamamilə fövqəladə” adlandıran Bolopion BMT Təhlükəsizlik Şurasını və İnsan Hüquqları Şurasını repressiyalara görə məsul şəxslərin cavabdehliyə cəlb olunması ilə bağlı dərhal və açıq mövqe nümayiş etdirməyə çağırıb.

Tahir Turan

Globalinfo.az

Paylaş: