Azərbaycan Qran-prisinin qalibi bəlli oldu – YENİLƏNDİ

“Formula 1” üzrə Azərbaycan Qran-prisində qalib müəyyənləşib. 

51 dövrənin tamamında “Red Bull” pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. “Aston Martin”dən Fernando Alonso dördüncü, “Ferrari”nin digər sürücüsü Karlos Sayns beşinci olub. 7 qat dünya çempionu, “Mercedes”də çıxış edən Lüis Hemilton Qran-prini altıncı sırada bitirib.

***

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Globalinfo.az xəbər verir ki, 51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.

“Formula-1” yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir. Peres 62 xalla ikinci pillədə qərarlaşıb. İlk “3-lüy”ü “Aston Martin”dən Fernando Alonso (48 xal) qapayır.

Konstruktorlar kubokunun lideri isə “Red Bull” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü sıradadır.