“Azərbaycanda fəaliyyət göstərən fintex şirkətləri banklarla rəqabət aparmır, əksinə onların innovasiya sahəsində əsas tərəfdaşlarıdır”.
Globalinfo.az xəbər verir ki, bunu “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycan artıq təkcə beynəlxalq tədbirlərin keçirildiyi ölkə deyil, həm də maliyyə texnologiyaları, rəqəmsal ödənişlər və innovativ maliyyə həlləri sahəsində regionun inkişafına istiqamət verir:
“Mərkəzi Bankın həyata keçirdiyi islahatlar, açıq bankçılıq təşəbbüsləri, Ani Ödəniş Sistemi, AzQR infrastrukturu, “sandbox” rejimi və digər rəqəmsal maliyyə xidmətləri innovasiyaların inkişafı üçün əlverişli şərait yaradıb. Əsas məqsəd təkcə rəqəmsallaşma deyil”.
Edqar Abdullayevin sözlərinə görə, banklar, fintex şirkətləri və tənzimləyici qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, təhlükəsiz və etibarlı innovativ xidmətlərin yaradılması, vətəndaşlara daha sürətli və əlçatan maliyyə xidmətlərinin təqdim edilməsi prioritetdir:
“Güclü bank sektoru olmadan güclü fintex ekosistemi formalaşa bilməz. Eyni zamanda, innovativ fintexlər olmadan bank sektorunun uzunmüddətli rəqabət qabiliyyətini qorumaq çətin olacaq”.
Ləman İmran
Globalinfo.az