Finlandiya-Rusiya sərhədində nə baş verir?

Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddə ikiqat maneələr quraşdırıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yle ictimai televiziyası məlumat yayıb.

“Sərhəddə qoşa maneələr quraşdırılıb. Hazırda sərhəd-keçid məntəqələri bağlıdır. Dövlət sərhədində, eləcə də ölkə daxilində maneələr quraşdırılıb. İnsanlar gəlsə, Finlandiyaya qanuni şəkildə daxil olmaları üçün düzgün istiqamətə göndərəcəyik”, – Finlandiya Sərhəd Mühafizə Xidmətinin komandir müavini Jukki Lukkari bildirib.

Finlandiya Nazirlər Kabineti miqrantların nəzarətsiz gəlişi ilə əlaqədar dekabrın 13-dək Rusiya ilə quru sərhədində yerləşən bütün səkkiz avtomobil keçid məntəqəsini bağlayıb.

Finlandiya hökuməti bu gün Rusiya ilə sərhədyanı əməkdaşlığa dair sazişə də xitam verib. Rəsmi Helsinki oktyabrın 25-də bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən nota aldığını və sazişi ləğv etmək üçün öz qətnaməsini dəstəklədiyini bildirib. Qərarın 2024-cü il yanvarın 24-dən qüvvəyə minəcəyi açıqlanıb.

Qeyd edək ki, Finlandiya-Rusiya quru sərhədinin uzunluğu təqribən 1,3 min kilometrdir və bu həm də Avropa İttifaqı və NATO-nun şərq sərhədidir. Sərhəddə avtomobil nəqliyyatı məntəqələrinə əlavə olaraq, Vainikkala adlı bir yük dəmir yolu keçid məntəqəsi də fəaliyyət göstərir.