Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FİFA) dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planlarını kəskin tənqid edib.
Globalinfo.az xəbər verir ki, təşkilat bununla bağlı bəyanat yayıb.
“Futbolun ruhu və idarəetmə sistemi alınıb-satılan əmtəə deyil. Heç bir qurum futbolun sahibi deyil və FİFA-nın onu satmaq hüququ yoxdur”, – deyə bildirilib.
Bəyanatda qeyd olunur ki, xüsusilə də maliyyə gəlirinin kimə çatacağı aydın olmadığı halda, futbolun və onun idarəçiliyinin kommersiya predmetinə çevrilməsi yolverilməzdir.
UEFA hesab edir ki, heç bir təşkilat futbol üzərində mülkiyyət hüququna malik deyil və FİFA bu hüquqları sata bilməz.
İyulun 28-də məlum olub ki, FİFA prezidenti Canni İnfantino dünya çempionatının idarəçiliyini ayrıca şirkətə həvalə etməyi və həmin şirkətin təxminən 20–30 faiz səhmlərini investorlara satmağı nəzərdən keçirir.
Əldə olunacaq vəsaitin bir hissəsinin milli futbol assosiasiyalarına ayrılan maliyyə dəstəyinin artırılmasına yönəldilməsi planlaşdırılır.
Hazırda FİFA-ya üzv olan hər bir ölkənin futbol assosiasiyası təşkilatdan ildə təxminən 2 milyon dollar alır.
Əliyar Xəlil
Globalinfo.az