Fəzail Ağamalı titulundan niyə 30 il sonra imtina etdi? – AÇIQLAMA

Deputat Fəzail Ağamalı bir neçə gün öncə Milli Məclisin plenar iclasında çıxışı zamanı ABŞ-ın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı statusundan imtina etdiyini bildirib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat bunu Amerikanın bizə qarşı olan münasibətindən dolayı etdiyini deyib:

“1990-cı illərdə bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı statusu verdilər. Amma iki gün öncə ondan könüllü şəkildə imtina etdim. İmtinanın səbəbi həmin ştatın Azərbaycana qarşı qərəzi, məkirli münasibəti, bizə qarşı əsası olmayan təhdidlərinin və təzyiqlərin olmasıdır. Əgər o dövlət ölkəmə, özümdən çox sevdiyim vətənimə qarşı bu cür ədalətsiz, qərəzli, haqsız münasibət sərgiləyirsə, mən həmin ölkənin vətəndaşlığını daşımağı özümə təhqir hesab sayıram. Amerikanın münasibətlərini anlamaq olmur. Bir gün belə olur, sabah isə tam başqa fikir səsləndirir. Buna görə də imtina etdim!”

Deputat başqa ölkə vətəndaşlığı alması məsələsinə də aydınlıq gətirib:

“Hər hansı bir dövlətin nə vətəndaşlığını, nə hər hansı bir titulunu, nə də təltifini almamışam. Başqa ölkənin təltifini almadığım üçün onun vətəndaşlığından imtina və ya qəbul edəcəyim haqda bir söz deyə bilmərəm”.

Zaira Akifqızı
Globalinfo.az