Şəhərin mərkəzində əcaib restoran: buna kim icazə verib? – AÇIQLAMA

Paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) böyük bir obyektin – restoranın inşa olunması ictimaiyyətdə narazılıqlara səbəb olub. Sosial şəbəkə istifadəçiləri, eləcə də həmin əraziyə dincəlmək üçün üz tutan şəxslər obyektin dərhal sökülməsini tələb ediblər.

Maraqlıdır, bu obyektin tikilməsinə hansı qurum icazə verib?

Məsələ ilə bağlı Globalinfo.az Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

İH sualımızdan yayınaraq, restoranın dünən söküldüyünü vurğulayıb. Lakin tikintiyə kimin icazə verməsi ilə bağlı sualımız cavabsız qalıb.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi isə qurumdan tikintinin aparılmasına icazə verilmədiyini bildirib:

“Daha vacib olan odur ki, məsələ həll olunub, tikinti sökülür və vətəndaşların narazılığı tərəfimizdən aradan qaldırıldı. Bizə orada qanunsuz tikinti aparılmasına dair məlumat daxil olduqdan sonra problemi həll etdik. Amma ondan öncəki proses bizə deyil, icra hakimiyyətinə aiddir”.

Saytımız Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) də sorğu ünvanlayıb.

“Səhər saatlarında sosial şəbəkələrdə paytaxtın Səbail rayonunun Fəvvarələr meydanında ictimai-iaşə obyektinin inşası ilə bağlı məlumat yayıldıqdan dərhal sonra həmin tikinti BŞİH tərəfindən dayandırılıb, ərazi nəzarətə götürülüb və onun söküntüsü təmin edilib”, – İH-dən bildirilib.

Qeyd edək ki, tikintiyə hansı qurumun icazə verməsi ilə bağlı sualımız cavabsız qaldı.

Zaira Akifqızı
Globalinfo.az