Fəridin anası: “Özünə təqvim alıb, günlərini sayır…”

Fəridlə demək olar ki, günaşırı danışıram. Yeni bir xəbər yoxdur. Apellyasiya Məhkəməsini gözləyirik. Demişdilər bir-iki həftəyə olmalıdır, lakin hələ olmayıb.

Globalinfo.az bildirir ki, bu sözləri Axar.az-a İran həbsxanasında saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlu ilə bağlı son məlumatları bölüşərkən deyib.

O bildirib ki, Fərid özü üçün təqvim tərtib edib:

“Bu yaxında mənim ad günüm oldu. İranda başqa təqvimdən istifadə olunur deyə, düşündüm ki, mənim doğum günümü müəyyən edə bilməyəcək. Yəqin ki, məni təbrik etməyəcək. Amma zəng elədi. Dedi ki, özümə burada təqvim aldırmışam, əlamətdar günləri işarələmişəm. Arzuları var, orada günlərini sayır”.