Deputatdan siqaret cərimələrinə reaksiya: “Şəxsi işidir…”

Azərbaycanda “Tütün və ya tütün məmulatı haqqında” Qanun ilə qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə artıq cərimə tətbiq ediləcək. Yeni hazırlanmış Məcəlləyə əsasən qanunla qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. Yəni küçədə, kütləvi yerlərdə siqaret çəkən, siqaret kötüyünü yerə atan şəxslər minimum 30 manatlarından keçməli olacaq. Əslində, qərarın çoxdan qəbul edildiyi deyilsə də, bu vaxta kimi demək olar ki, tətbiq edilmirdi. 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Fazil Mustafa siqaret əleyhinə hər hansı bir cərimənin tətbiq olunmasını müsbət qarşıladığını deyib.

O bildirib ki, qəbul edilən qanunu daha da sərtləşdirmək lazımdır:

“Ümumiyyətlə, qapalı yerlərdə siqaret çəkilməsinə qarşı çox sərt addımlar atılmalıdır. Artıq insanlar bilməlidirlər ki, şadlıq evlərində, başqa məkanlarda siqaret çəkmək olmaz. Ola bilər, restoran sahibləri müştərini itirməmək və toya gələn şəxsin qəlbinə dəyməmək üçün ona toxunmasın, amma bunun cəriməsini hüquqi şəxs (məkanın sahibi) ödəyir. Ona görə də insanlar mədəniləşməlidir”.

Deputat deyib ki, siqaret çəkmək hər kəsin şəxsi işidir, lakin bunu insanlardan uzaq yerdə etmək şərtdir:

“Siqareti başqa insanları zəhərləmədən çəkmək lazımdır. Bu səbəbdən də cəriməni normal qarşılayıram. Qəbul edilən qərar hətta gecikib. Məsələ indiyə kimi həllini tapmadığı üçün irad da bildirirdik. Cərimə etməyə indi başlayıblarsa, bunun özü də müsbət hadisədir. Sevinirəm ki, ən azı qəbul olunan qanunun müddəaları yerinə yetirilməyə başlayıb”.

Zaira Akifqızı
Globalinfo.az